“Şərqin böyük dahisi Nəsirəddin Tusi” mövzusunda beynəlxalq konfrans | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şərqin böyük dahisi Nəsirəddin Tusi” mövzusunda beynəlxalq konfrans

12:28 - 21 / 11 / 2015
“Şərqin böyük dahisi Nəsirəddin Tusi” mövzusunda beynəlxalq konfrans

Naxçıvan Dövlət Universitetində (NDU) “Şərqin böyük dahisi Nəsirəddin Tusi” mövzusunda iki gün davam edəcək beynəlxalq konfrans işə başlayıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki,  NDU-nun mətbuat şöbəsindən verilən məlumata görə ölkənin müxtəlif ali təhsil ocaqlarından, Türkiyə və İrandan dəvət olunmuş alimlərin, AMEA-nın elmi-tədqiqat institutlarının, AMEA Naxçıvan Bölməsi əməkdaşlarının, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransın plenar iclasını universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.

Rektor “Elmin Nəsirəddin Tusi zirvəsi” mövzusunda məruzə edərək bildirib ki, böyük alim Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılıb. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” (Bütöv çoxtərəfli haqda risalə), “Cameül-hesab” (Lövhə və tozun köməyi ilə hesab toplusu), “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” (Evklid başlanğıcının təsviri) kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət “Zici-İlxani” (İlxanilərin astronomik cədvəlləri) əsəri isə alimin adını dünya astronomiya tarixinə salıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad üzrə elmlər doktoru Əhməd Qəşəmoğlu “Nəsirəddin Tusi fəlsəfəsi” mövzusundakı məruzəsində sürətlə qloballaşma prosesi gedən dünyada baş verməkdə olan sosial gərginliklərin qarşısını almaq üçün orta əsr İslam fəlsəfəsindən istifadənin vacib olduğunu bildirib, konkret olaraq bu işdə Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin faydalı cəhətləri barədə danışıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Nəsirəddin Tusinin mineralogiya və kimyaya dair işləri” mövzusundakı məruzəsində bildirib ki, görkəmli alimin dəqiq elmlər sahəsindəki kəşfləri, əsasən, Qərbdə geniş istifadə edilib, humanitar sahədə tədqiqatları isə Şərqdə şöhrət qazanıb. Tusi elmlər daxilində yeni elm yaradan dahi olub. O, riyaziyyat elmləri daxilində triqonometriyanı, fəlsəfə daxilində isə pedaqogikanı yaradıb. Həmin dövrdə mineralogiya və kimya geniş inkişaf etməsə də, Tusi bu sahələrdə də öz sözünü deyib.

Beynəlxalq konfransda İran İslam Respublikasından dəvət olunmuş Urmiya Universitetinin rektoru, doktor Rahim Hobbenaghi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Nazilə Sultanova, Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev çıxışlarında ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərlərinin dünyanın müxtəlif kitabxanalarında yer aldığını qeyd ediblər.

Vurğulanıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb. Heliosentrik sistem haqqında ilk məlumatları polşalı astronom Nikolay Kopernikdən öncə hələ XIII əsrdə Nəsirəddin Tusi verib.

Beynəlxalq konfrans işini “Nəsirəddin Tusinin pedaqoji görüşləri və fəlsəfəsi”, “Nəsirəddin Tusi və dəqiq elmlər”, “Nəsirəddin Tusinin yaşadığı dövrdə ictimai-siyasi fəaliyyəti” mövzularında bölmə iclasları ilə davam etdirəcək.

Paylaş:
1051

Son xəbərlər

Bütün xəbərlər