“İvanovka” ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkar olunub - FOTO
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib.
1news.az xəbər verir ki, satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.
Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.
Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.
Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.
Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


















