Hansı banklardan dollar almaq mümkündür?
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnə rejiminə keçməsi qərarı ölkənin aparıcı bank strukturlarında valyuta satışına necə təsir etdi.
1news.az xəbər verir ki, bəzi banklar manatın yeni kursunun elan olunması ilə əlaqədar valyuta satışını məhdudlaşdırıb.
ABŞ dolları və avronun Azərbaycan manatına nəzərən rəsmi məzənnəsi 21 dekabr tarixində AMB tərəfindən müvafiq olaraq 1.55 və 1.685 manat müəyyənləşib.
Ölkənin iri banklarından 1news.az-ın müxbirinə verilən məlumatları təqdim edirik.
Atabank-dan məlumat verilib ki, “valyutanın yeni məzənnəsi bank filiallarına daxil olmadığı üçün dollar satışı müvəqqəti dayandırılıb”.
Demirbank-dan bildirilib ki, hazırda valyuta satışı gerçəkləşdirilmir. Bankın filialları və valyutadəyişmələrində bunu Demirbank- ın baş ofisindən hər hansı təlimatın gəlmədiyi ilə izah edirlər.
Bank of Baku, Bank Respublika, Parabank, Unibank –da isə bu gün gələn zənglərə cavab verilməyib.
Azərbaycan Beynəlxalq Bankından 1news.az-a bildirilib ki, valyuta satışında, o cümlədən, dollar satışında heç bir problem müşahidə olunmur. “Azərbaycan Beynəlxalq Bankının istənilən filialında yeni kursa uyğun valyuta almaq mümkündür”- deyə, bankdan məlumat verilib.
Kapital Bankdan isə yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə valyuta almaq mümkün olduğu söylənilib.
Bank Standard-dan verilən məlumata görə, “hal- hazırda dolları problemsiz almaq mümkündür, lakin yarım saat sonra nə olacağı bəlli deyil. Bütün gün ərzində dolların satılıb-satılmayacağını dəqiq deyə bilmərik”- deyə bankdan bildirilib.
Accessbank-dan isə əməkdaşımıza söylənilib ki, bank rəhbərliyi hazırda “Mərkəzi Bankın qərarı ilə bağlı toplantı keçirir. “ Dollar alqı-satqısı ilə bağlı daha dəqiq məlumatı baş ofisə, yaxud bankın filiallarına yaxınlaşaraq ala bilərsiniz”.