Azərbaycan xarici turizm sərgisində təmsil olunub - FOTO
Nyu-York şəhərində “The New York Times Travel Show” turizm sərgisi keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il ilk dəfə bu sərgidə iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu qurumun nümayəndəsi ölkəmizin turizm potensialını xarici dövlətlərdə təbliğ etmək, eləcə də yerli və xarici ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə bu sərgiyə qatılıb.
Sərgi çərçivəsində ölkəmiz ilk dəfə Gürcüstanla birgə stendlə iştirak edərək, iki ölkədən ibarət “Qafqaz məhsulu”nu təqdim edib. Sərgidə 45 kvadratmetrlik sahədə hər iki ölkənin turizm imkanlarını əks etdirən stend qurulub.
Bildirilib ki, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgi çərçivəsində görüşlər keçirib. O cümlədən ABŞ-ın Tur Operatorları Assosiasiyasının (USTOA) prezidenti Terri Deyl və təşkilatın Üzvlük və Proqramlar üzrə direktoru Luis Maravi ilə görüş olub. Görüşdə ölkəmizin bir sıra turizm təşkilatlarının USTOA-ya yaxın gələcəkdə üzv olması, təşkilatın dəstəyi ilə Azərbaycanın Amerika Birləşmiş Ştatlarının bir sıra əsas şəhərlərində təqdimatının keçirilməsi, ölkəmizin turizm sənayesi nümayəndələri ilə Nyu-York, Los-Anceles və başqa şəhərlərdə fəaliyyət göstərən turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, təşkilatın üzv operatorlarının nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin təşkili kimi məsələlər müzakirə edilib.