2016-cı ildə Azərbaycanda yeni iş yerlərinin açılması üçün əlavə tədbirlər görüləcək
Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclası giriş nitqi ilə açan dövlət başçısı 2015-ci ildə əldə olunan uğurlara toxunaraq, eyni zamanda cari ildə ölkə qarşısında dayanan əsas məsələləri vurğulayıb və görüləcək işlərdən bəhs edib.
Prezidentin və Nazirlər Kabineti üzvlərinin çıxışları barədə tam mətni buradan əldə edə bilərsiniz
Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Azərbaycan 2015-ci ildə uğurlu inkişaf edib. Prezidentin sözlərinə görə, qarşıya qoyulan məsələlər öz həllini tapıb.
“Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mən keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmişəm. Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır”, - qeyd edən dövlət başçısı sözlərinə əlavə edib ki, ölkəmiz 2016-cı ildə də regionda inkişafın stabilləşməsinə çalışacaq.
Prezidentin qeyd etdiyi kimi, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir.
“Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır.
Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi”, - İlham Əliyev dedi.
Dövlət başçısının fikrincə, bunun səbəbləri Azərbaycanın hüdudlarından kənarda baş verib.
“Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”, - o, sözlərinə əlavə etdi.
Prezident İlham Əliyevin vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi Daxili Məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır.
“Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”, o, sözlərinə əlavə etdi.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır, Prezident əminlyini bildirib.
“Azərbaycan xarici investorlar üçün potensial olaraq diqqət çəkən ölkədir. Digər göstəricilər də pozitiv dinamikanı nümayiş etdirir. Bütün geosiyasi və iqtisadi faktorları nəzərə alaraq demək olar ki, 2015-ci il ərzində iqtisadi inkişafda əldə olunan nəticələr uğurludur.
Ötən il bütün sosial proqramlar həyata keçirilib. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir.
Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Bu gün biz bu barədə də danışacağıq.
Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq”,- deyə dövlət başçısı vurğulayıb.
Prezident həmçinin, qeyd edib ki, 2015-ci ildə ölkə həyatında tarixi hadisə baş verdi. Bakıda ilk dəfə olaraq, Avropa Oyunları keçirilib. Azərbaycan bu oyunları ən yüksək səviyyədə keçirməyə nail olub.
“Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirdik. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, gözəl Bakı şəhərimizi göstərdik.
Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk”, - deyə, prezident İ.Əliyev bildirib.
Dövlət başçısı 2015-ci ildə parlament seçkilərinin də keçirildiyini söyləyib.
“Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir.
Bir tərəfdən Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmişdir, digər tərəfdən, parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir”,- deyə, ölkə başçısı fikrini yekunlaşdırıb.
1news.az