Opera və Balet Teatrında “Xanım və Xuliqan” və “Tamahlar” baletlərindən ibarət balet axşamı keçiriləcək
Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Sergey Prokofyevin “Tamahlar” baletlərindən ibarət balet axşamı keçiriləcək.
1news.az-ın teatrın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, balet axşamında nümayiş olunacaq “Xanım və Xuliqan” 2012-ci ildə quruluşçu baletmeyster, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Moxnaçov tərəfindən səhnəyə qoyulub və bu günə kimi repertuardadır.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov çıxış edəcəklər.
“Tamahlar” baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub. Tamaşa rus bəstəkarı S.Prokofyevin “Klassik simfoniya”sı əsasında səhnələşdirilib.
Tamaşanın dirijoru Əyyub Quliyevdir. Solistlər xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.
1news.az