Prezidentin son qərarları əhalinin sosial rifahının güclənməsinə hesablanıb
Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir.
Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Bu işin məntiqi nəticəsi olaraq reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur. Artıq respublikamızda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları reallaşdırılır. Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün xüsusi əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Qeyd edim ki, bu proqramların III mərhələsi icra olunur və sözügedən proqramın icrası böyük dinamika ilə müşahidə olunan tədbirlər planından ibarət bir prosesdir. Hal-hazırkı dövrdə əvvəlki mərhələlərin müsbət nəticələrini görürük. Nümunə üçün xatırladım ki, Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğdə idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan 175 manata çatdırılmışdır və bu məbləğ yaşa görə pensiyalar üzrə 198 manat təşkil edir. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır.
Bu göstərici eyni zamanda ölkəmizdə gedən iqtisadi inkişafdan xəbər verir. Heç kimə sirr deyil ki, sosial rifahın güclənməsi iqtisadi inkişafdan asılı olan bir amildir. Bu gün respublikamızda 114 min ailəyə ünvanlı sosial yardım verilir və hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 AZN yardım göstərilir. İqtisadi inkişaf üçün isə hava-su kimi vacib olan məqamlar vardır ki, bunlar da, ilk növbədə siyasi sabitliyin, stabilliyin, ədalətli rəqabət mühitinin olmasıdır. Azərbaycan dünyada getdikcə artan ksenofobiya, irqi ayrı-seçkilik, terrorun, separatizmin, etnik qarşıdurmanın fonunda sanki bir sabitlik adasıdır. Artıq bir neçə il əvvəl Azərbaycan bazar iqtisadiyyatına keçidi uğurla yekunlaşdırmış və regionda lider dövlətə çevrilmişdir. Bu işlərin icrası zamanı əhalinin gəlirlərinin, pensiyalarının artımı üçün vacib olan bütün tədbirlər reallaşdırılmışdır. İndi qarşımızda tam yeni hədəflər müəyyənləşmişdir. Məlum hədəflərə çatmaq üçün strateji baxış və əsas prioritet sahələr cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunmuşdur.
Prezident İlham Əliyev öz çıxışların birində demişdir: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.” Dövlət başçısı bu çıxışında vətəndaşların sosial rifahı barədə fikirlər söyləməklə yanaşı, son vaxtlar dünyada gedən proseslərə də toxunmuş oldu. Bildiyimiz kimi, ötən ilin II yarısından başlayaraq dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşdı və bu iqtisadi amil ilk növbədə neft ixrac edən ölkələrin gəlirlərinə mənfi təsir etdi. Azərbaycan da neft ixrac edən ölkələr sırasında olduğundan bu iqtisadi proses milli gəlirlərimizin azalmasında və milli valyutamızın devalvasiyaya uğramasına gətirib çıxartdı.
Vurğulamalıyam ki, devalvasiya sosial baxımdan mənfi olan haldır və təbii olaraq əhalinin maddi durumuna öz neqativ təsirini göstərir. Digər tərəfdən, Azərbaycan hökuməti bu prosesi öz axarına buraxmır və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Çünki, bizim üçün sosial istiqamət həmişə prioritet olmuşdur və dünyada baş verən proseslərin Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi önləyici addımlar atılmışdır. Bu səbəbdən, il ərzində heç bir sosial proqramın icrasında ləngimə müşahidə edilməmişdir, əhalinin maddi gəlirləri 5,8 % artmışdır. Sosial infrastrukturun inkişafına ayrılmış vəsait hesabına məktəblər, bağçalar, tibb müəssisələri, iaşə obyektləri tikilmiş, əsaslı təmir edilmişdir. Daxili istehsalın stimullaşdırılması, xoşagəlməz hallara, o cümlədən korrupsiya və rüşvətxorluq kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, siu-istifadə halların qarşısının alınması və s. kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Dövlət Başçısı bildirmişdir ki: “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır.”
Ölkə ictimaiyyəti ilə görüşərkən Prezident İlham Əliyev əhalinin təkliflərini birbaşa özlərindən öyrənir və yerlərdə ilk olaraq infrastrukturun yaradılması və güclənməsi, yolların çəkilməsi və abadlaşdırılması, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin salınması ilə bağlı istəklərə diqqətlə yanaşır. Bu kimi müxtəlif sahələri inkişaf etdirmək üçün Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə hər ili konkret bir sahəyə həsr edilir və müvafiq ildə həmin sahə çoxşaxəli inkişaf etdirilir. 2014-cü ilin “Sənaye ili”, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə həyata keçirilən tədbirlər planı priotet sahə sayılan sahibkarlığın inkişafına öz töhvəsini uğurla vermişdir. Bu tədbirlər planından əlavə son zamanlar Dövlət Başçısı tərəfindən imzalanan sərəncamlar əhalimizin sosial rifahı üçün müsbət dəyişikliklərə gətirib çıxarmışdır. Buna misal olaraq, tələbələrin təqaüd alması ilə bağlı olan qərarı, nəqliyyat sahəsində edilən dəyişiklikləri, bir çox sahələrdə fəaliyyət göstərmək üçün lisenziyaların ləğv edilməsini, şəhid ailələri və Qarabağ əlillərinin sosial rifahının yaxşılaşdırılması üçün verilən sərəncamı, aztəminatlı ailələrə birdəfəlik yardımların göstərilməsini, məhkumların əfv olunmasını, gömrük rüsumlarının azaldılmasını, “ASAN” xidmətin səlahiyyətlərinin və fəaliyyət coğrafiyasının genişləndirilməsini, təhsil, tibb və digər sahələrdə fəaliyyət göstərən işçilərin sitimullaşdırılmasını və bu kimi çoxsaylı faktı göstərmək olar.
Yuxarıda göstərilən məqamlar sübut edir ki, cənab Prezident İlham Əliyevin son qərarları Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb. Bir neçə gün əvvəl un və un məmulatlarının əlavə dəyər vergisindən azad olması haqqında cənab Predizent İlham Əliyevin qərarı bu məhsulların topdan şatış qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə və sözügedən məhsulun rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq. Bu addım süni qiymət artımının qarşısının alınması baxımından da çox önəmlidir. Qeyd edim ki, bu qərar artıq ilkin bəhrəsini verib, belə ki, bazar və marketlərdə un məhsullarında ucuzlaşma qeydə alınmışdır. Digər tərəfdən özəl sektorun bu sahədə fəaallaşması müşahidə olunur. Gərək ki, bu kimi tədbirlər davam etdirilsin və gələcəkdə bu cür neqativ hallar təkrarlanmasın. Bu səbəbdən süni qiymət artımı faktlarının aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.
Diqqətinizə çatdırım ki, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə tədbirlər planı işlənib, hazırlanıb və təsdiq edilmişdir. Sözügedən plana əsasən, mümkün mənfi halların qarşısının alınması üçün tədbirlər aparılır. Çörək və digər un məhsullarının qiymətlərinin süni şəkildə artırılması ilə bağlı qanun pozuntuları müəyyən olunarsa, mövcud qanunvericiliyə uyğun olaraq ən ciddi şəkildə tədbirlər görüləcək. Məqsəd əhalinin ərzaq məhsulları, o cümlədən un məmulatları ilə süni qiymət artımı olmadan təmin edilməsidir. Bu sahədə iş birtərəfli olmalıdır və hesab edirəm ki, əhali də məlum işə öz dəstəyini göstərməlidir. Əgər vətəndaşlarımız yenə belə halla rastlaşarsa, məlum məsələ ilə bağlı “qaynar xətt” ilə əlaqə saxlamalarını və məlumat vermələrini tövsiyə edirəm. Bildiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 nömrəli “qaynar xətti” yaradılmışdır. Dövlətin bu cür tənzimləmə mexanizmləri gələcək dövrlərdə də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
Çox sevindirici haldır ki, əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı, məcburi köçkünlərin yemək xərcləri üçün verilən aylıq müavinətlərin artırılması ilə bağlı və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Prezident təqaüdünün artırılması ilə bağlı 16.01.2016-cı il tarixdə növbəti sərəncamlar imzalandı. Beləliklə, əhalinin böyük bir hissəsini əhatə edən pensiyaçıların, məcburi köçkünlərin və əlillərin maddi təminatı daha da gücləndirildi. Azərbaycan vətəndaşlarının maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bir beynəlxalq statistikanı nəzərinizə çatdırmaq istərdim ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Çünki, dövlət başçısı səviyyəsində əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilməsi digər sosial qruplar kimi əlillərin də, pensiyaçıların da həyat şəraitinin yaxşılaşmasına və onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaratmışdır.
Son illərdə əhalinin sözügedən qrupları ilə bağlı qanunvericilik təkmilləşdirilmiş və bu çərçivədə 10-dan çox yeni hüquqi-normativ aktlar qəbul edilmişdir. Pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sərəncam və fərmanlar hər il verilir və bu artıq get-gedə ənənə halını alır. Üstəlik, əlillərin çoxsaylı sosial proqramlara, belə ki, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması həyata keçirilir. Xüsusilə, Qarabağ müharibəsində sağlamlığını itirən vətəndaşların və şəhid ailələrinin sosial problemlərinin həll olunması daim diqqət mərkəzində olmuşdur. Əhalinin bu kateqoriyadan olan üzvlərinin mənzillə təmin olunması üçün paytaxtda və regionlarda yeni çoxmənzilli yaşayış binaları və fərdi evlər tikilib təqdim olunmuşdur. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər reallaşdırılıb.
Azərbaycanda sosial müdafiə sistemi müasir tələblərə uyğun olaraq yenilənib, yeni-yeni islahatlar aparılıb. Dünya təcrübəsinə uyğun olaraq, sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi daim artırılır. Deməli, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Əbəs deyildir ki, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Prezident cənab İlham Əliyev “Cənub-Cənub” mükafatı ilə təltif olunub.
Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla və davamlı olaraq həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir.
Şahin İsmayılov,
Millət vəkili,
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri