Ən yaxşı layihə icra edən QHT-lər mükafatlandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən yaxşı layihə icra edən QHT-lər mükafatlandırıldı

20:28 - 19 / 01 / 2016
Ən yaxşı layihə icra edən QHT-lər mükafatlandırıldı

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib.

1news.az-ın məlumatına görə, toplantıda çıxış edən Şura sədri Azay Quliyev 2015-ci ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyib.

A.Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edilməsinə baxmayaraq, bir sıra QHT-lərin müqavilə öhdəliklərinə əməl etməsində qüsurlara yol verdiyini vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda hesabat məruzəsi ilə çıxış edib.

2015-ci ildə Şuranın 23 iclas keçirdiyini deyən icraçı direktor “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda və Şuranın Əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq qurumun məlumat, təşkilati-texniki, metodik, maliyyə və konsultativ istiqamətdə xidmətlərləri davam etdirdiyini bildirib.

Şura 2015-ci ildə müxtəlif mövzulara həsr olunan, 50-dən çox rayonun QHT-lərinin iştirak etdiyi  12 tədbir keçirib.

Qeyd olunub ki, 2015-ci ildə Şuraya 819 layihə təklifi daxil olub. Ötən il 520 QHT layihəsinin maliyyələşdirilməsinə 5 255 343,0 manat sərf olunub. Bunlardan 513 yerli QHT-yə 4 750 664,0 manat, 7 xarici QHT-yə isə 504 679, 0 manat vəsait ayrılıb.

Konfransda ötən il Şuranın maliyyə dəstəyi ilə ən yaxşı layihə icra edən 43 QHT  Fəxri Fərmanla təltif edilib.

Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. 28 QHT-nin layihəsinin icra vəziyyəti qeyri-kafi sayılıb.

1news.az

 

Paylaş:
637

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər