20 Yanvara 26 ildən sonra baxış – FOTOKOMPOZİSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvara 26 ildən sonra baxış – FOTOKOMPOZİSİYA

12:10 - 20 / 01 / 2016
20 Yanvara 26 ildən sonra baxış – FOTOKOMPOZİSİYA

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri daim xatırlanır.

Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu hadisəyə ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Bizi o günlərdən 26 il ayırır. Ulu Öndərin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar çox haqlı olaraq Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırılır. Bu hadisələr canlı şahidlərin yaddaşında silinməz iz buraxıb. Aradan 26 il keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...

Bu qanlı-qadalı günlərin digər şahidi fotoşəkillərdir. Tükürpədən səhnələr fotoobyektivin yaddaşına həkk olunaraq xalqın faciəsini, azadlıq mücadiləsinin tarixi məqamlarını zamandan-zamana daşıyır. Onlara diqqətlə baxanda kədər və hüznün içərisindən baş qaldıran ümid və inamı, yenilməzliyi, xalqın birlik və vəhdətini də görmək olur.

AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Onlar, eyni zamanda, həmin ərəfədə və qanlı qırğından sonra yaşananlara şahidlik edir. O vaxtdan 26 il ötsə də, bu ağ-qara fotolara həyəcansız baxmaq olmur.

Gəlin bir daha baxaq, xatırlayaq, yaddaşımızı təzələyək.

Ərəfə

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. O, öz başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq və müstəqillik istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpağı uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilirdi.

İmperiya rəhbərliyi fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırmaq üçün hərəkətə keçdi. İlk dəfə olaraq paytaxt küçələrində tanklar və sarışın əsgərlər görünməyə başladı. Lakin xalq yenə meydandan çəkilmədi. Vəziyyəti belə görən mərkəzi rəhbərlik 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə mitinqləri zor gücünə dağıtmaq əmri verdi. Bakının mərkəzi meydanına hərbi qüvvələr yeridildi, azad ruhun daşıyıcıları olan bir çox insan zindanlara atıldı.

Həmin vaxtlar Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər yaşamaqda davam edir və bu da milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən ölkədə hakimiyyət böhranı özünün pik həddinə yaxınlaşırdı. Azərbaycanı cəzalandırmağı qarşısına məqsəd qoyanlar buna zəmin hazırlayır, Bakı 20 Yanvara addım-addım yaxınlaşırdı...

Həmin günlərdə paytaxtın küçə və meydanlarında çəkilmiş fotolar 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyəti, xalqın əhval-ruhiyyəsini anlamağa yardımçı ola bilər.

Qanlı 20 Yanvar günü

1990-cı ilin 20 yanvarı, saat 00:00. Sovet ordusunun təpədən-dırnağadək silahlanmış birləşmələri beş istiqamətdən Bakıya soxuldular. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar “barrikadaları” dağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibb maşınları, evlər gülləyə tutulurdu.

Həmin gecə ən böyük qırğın indiki “20 Yanvar” dairəsi ərazisində törədildi. Ümumiyyətlə, cəza əməliyyatının ilk saatlarında yüzlərlə dinc sakin öldürüldü və yaralandı.

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri “20 Yanvar” dairəsində və ona yaxın yerlərdə dəhşətli mənzərələrlə qarşılaşdılar. Tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri ağır faciədən xəbər verirdi. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı...

Fotoşəkillərdə bu dəhşətli və qorxunc mənzərələr də əksini tapıb. Onlara baxarkən qanlı statistika bir daha yada düşür:

Öldürülənlər – 147 nəfər;

Yaralananlar – 744 nəfər;

Qanunsuz həbs olunanlar – 841 nəfər.

Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin ikinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Sonradan 20 Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

Sovet ordusunun (bəzi məlumatlara görə, Azərbaycan paytaxtına yeridilmiş qoşun kontingentinə 65 min hərbçi daxil edilmişdi) Bakıya hərbi təcavüzünün, cəza əməliyyatının ağır nəticələrini əks etdirən fotoşəkillərin böyük əksəriyyəti ağ-qara rəngdədir. Onda insanlar indiki texniki imkanlara malik deyildi. Tək-tək adamlarda fotoaparat vardı. Hərbçilər sayı çox az olan fotomüxbirləri hadisə yerinə yaxın buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını təhlükə qarşısında qoyaraq kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoplyonkaya köçürə bildilər. Onların arasında öz peşə və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirən AZƏRTAC-ın fotomüxbirləri də vardı. Bu fotosənədlər qanlı cinayəti törədənlərə qarşı bir ittiham aktı olaraq qalır. Eyni zamanda, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktuallığını bu gün də qoruyub saxlayır.

Şəhidlərin dəfni

Azərbaycan paytaxtı öz tarixində heç vaxt 26 il əvvəl olduğu qədər böyük izdiham yaşamayıb. Bunu o vaxt mərkəzi meydanın qarşısında yerləşən mehmanxanaların damından çəkilmiş fotolar da təsdiqləyir.

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır imtahana çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Xalq öz şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici məqamdır.

Fotoşəkillər bizi 1990-cı ilin 22 yanvarına qaytarır. Gəlin, həmin gün yaşananları birlikdə xatırlayaq: Bakının ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılır. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Böyük meydanda iynə atsan yerə düşməz. Həmin anları əks etdirən fotolardan da göründüyü kimi, şəhidləri son mənzilə milyonlarla insan yola salır. 

İnsan seli məzarlığa yaxınlaşır. Cənazələr çiyinlərdən yerə endirilir. Bu vida anlarında doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acıları, keçirdikləri hisslər fotolarda əksini tapıb və söz bunu ifadə etməkdə acizdir. Bir də diqqəti qərənfillər cəlb edir. O gün də, sonradan da hər il yanvarın 20-də şəhid məzarları qərənfil yağışına qərq olur. Bu da xalqın tapıntısıdır və rəmzi mənası var: qərənfil qan rəngindədir.

Şəhidlər xiyabanı

1990-cı ilin yanvarında Bakının xəritəsinə yeni bir ünvan yazıldı: Şəhidlər xiyabanı. Artıq 26 ildir ki, bu məkan müqəddəs ziyarətgaha çevrilib.

Onlar həyatlarını Vətənin azadlığı naminə qurban verdilər. Onlar milyonlara fədakarlıq dərsi keçdilər. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər bir həmvətənimiz üçün əzizdir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.

Şəhidlər xiyabanı Azərbaycan xalqının 26 il əvvəl yaşadığı böyük faciədən xəbər verir. Özündə ümummilli kədəri ilə yanaşı, rəşadət və fədakarlıq nişanələrini də yaşadır. Bu ünvan xalqın öz qəhrəman oğul və qızlarına böyük hörmət və ehtiramının ifadəsidir, Vətən tarixinin qanla yazılmış önəmli səhifəsi, əyani dərs vəsaitidir.

Hər il yanvarın 20-də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən on minlərlə insan ötüb-keçir. Gördüyünüz bu fotolar müxtəlif illərdə çəkilib. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, 26 il əvvəl baş verənlərin mənası, bu xiyabanda əbədiyyətə qovuşanların gördüyü işlərin mahiyyəti zaman keçdikcə daha aydın görünür, layiq olduğu qiyməti alır.

Fotolara bir də baxın. Hansısa başqa bir xalqın öz şəhidlərini belə kütləvi şəkildə, səhərdən axşamadək ardı-arası kəsilməyən axınla yad etdiyini görmüsünüzmü?

Digər bir xoş, nəcib ənənə yaranıb. Bakılılar başqa ölkələrdən gəlmiş qonaqlarını, dost-tanışlarını hökmən Şəhidlər xiyabanına aparır, onlara 26 il əvvəl yaşanmış faciə haqqında məlumat verir, “İlham və Fərizə” dastanını danışırlar...

Ötən əsrin 80-ci illərinə, 1990-cı ilin qanlı-qadalı günlərinə, Bakının ən uca nöqtələrindən birində qərar tutmuş Şəhidlər xiyabanına səyahətimiz başa çatır. Fotoşəkillər bələdçimiz oldu. Yaddaşımız təzələndi.

Şəhidlərin uğrunda can verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan etdiyi Bakı ötən illər ərzində büsbütün dəyişib. Xalqımız öz azadlıq arzusuna qovuşub, Azərbaycanın üçrəngli bayrağı bu gün dünya ölkələrinin bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Onda - 1990-cı ilin yanvarında bu bayraq da, müstəqillik də bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.

Şəhid qanının ən dəqiq qiymətini də ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

AZƏRTAC

Paylaş:
6547

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər