Kənd təsərrüfatı naziri Ağdaşda vətəndaşlarla görüşüb - FOTO
Yanvarın 22-də kənd təsərrüfatı naziri Heydər Əsədov Ağdaş rayonunda Ağdaş, Göyçay, Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Bu haqda 1news.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin strukturuna daxil olan idarə, müəssisə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda isə 30-dan artıq vətəndaşın müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, fermerlərə güzəştli kreditlərin verilməsi, torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşlar qəbulun təşkilindən razı qaldıqlarını söyləyib, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbul başa çatdıqdan sonra nazir Heydər Əsədov Ağdaş rayonunda inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.
1news.az