Hacı Sabir Həsənli: “Bundan sonra hər cümə günləri vəhdət namazı qılınacaq”
Bu gün Binəqədi rayonunda yerləşən "Heydər" məscidində növbəti dəfə qılınan vəhdət namazına şiə axundu öndərlik edib və namaz qılanların 60 faizə yaxını sünni təriqətinə mənsub insanlar olub.
1news.az xəbər verirk i, bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.
S.Həsənli bildirib ki, bu gün qılınan vəhdət namazında 1000-nəfərdən çox dindar iştirak edib.
Sədr onu da bildirib ki, hər iki təriqətdən olan insanlar birlikdə çox rahat namaz qılırlar və heç bir problem yaşanmır: "Bundan sonra hər cümə günləri vəhdət namazı qılınacaq. Bu məsələdə nə vaxtsa bir dönüş olmalı idi. Şiə-sünni məzhəbləri arasında olan münasibətlərin bu mərhələyə gəlməsi üçün bir təşəbbüs irəli sürdük və buna nail olduq. Hər iki təriqətdən olan insanlar çox rahat şəkildə, problemsiz namazlarını qılırlar. Gələn həftə namaza sünni imamı öndərlik edəcək və şiələr da namaza dayanacaqlar".
S.Həsənli onu da bildirib ki, cümə günləri imamlıq və axundluq vəzifəsini Qazilər Şurasının üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səalhiyyətli nümayəndələri icra edəcək: "Əjdər bəy" , İçərişəhər "Cümə" məscidindən namaz üçün axund və imamlar dəvət etmişik. Rüfət Qarayev və Hafiz Abbasov isə məscidin ehtiyat axund və imamıdır".
1news.az