İran prezidenti İtaliyada səfərdədir
Yanvarın 25-də İran prezidenti Həsən Ruhaninin İtaliyaya rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində İran prezidenti əvvəlcə İtaliyanın dövlət başçısı Sergio Mattarella ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması və əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
İtaliyaya səfərini tarixi gün kimi dəyərləndirən İran prezidenti ölkəsinin inkişafı, iqtisadi əməkdaşlığı gücləndirmək və yeni investisiya imkanlarını müəyyənləşdirmək üçün səfərin önəmini qeyd edib.
Geniş nümayəndə heyəti ilə Romaya gələn Həsən Ruhaninin İtaliyanın baş naziri Matteo Renzi, bu ölkənin Senatının və Deputatlar Palatasının rəhbərləri, habelə Roma Papası Fransisk ilə görüşləri nəzərdə tutulub. Eyni zamanda, o, İran-İtaliya biznes forumunda iştirak edəcək. Səfər çərçivəsində İtaliya şirkətləri ilə 17 milyard avro həcmində sazişlərin imzalanması da gözlənilir. İtaliyadan sonra Həsən Ruhaninin Fransaya səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Qərbin İrana sanksiyalar tətbiq etmək qərarınadək İtaliya ilə bu ölkə arasında güclü ticarət əlaqələri mövcud olub. Belə ki, 2011-ci ildə ticarət dövriyyəsinin həcmi 7 milyard 200 min avro təşkil edib. 2017-ci ilədək isə İtaliya ilə İran arasında ticarət dövriyyəsinin həcminin 4 milyard avroyadək artırılması nəzərdə tutulub.
AZƏRTAC