Azərbaycan ATƏT-in Parlament Assambleyası ilə uğurla əməkdaşlıq edir
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə ATƏT arasındakı münasibətlərdən danışan Milli Məclisin sədri ölkəmizin 10 ildən artıqdır qurumun Parlament Assambleyası ilə uğurla əməkdaşlıq etdiyini bildirib. Əlaqələrin inkişafı üçün qarşılıqlı inamın və dialoqun vacibliyini qeyd edən Oqtay Əsədov əminliklə vurğulayıb ki, nümayəndə heyətinin bu səfəri əməkdaşlığın daha inkişafına təkan verəcək. Sədr Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin fəaliyyətinin qurumun rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tsereteli ölkəmizə səfərlərindən, keçirdikləri görüşlərdən məmnun olduqlarını söyləyib. Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın yaxşı təcrübəsinin olduğunu deyən G.Tsereteli bu səfərlə münasibətlərdə yeni səhifənin açılacağına əminliyini bildirib, bununla bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
AZƏRTAC