Ölkə ərazisində 14-19 dərəcə şaxta olacaq, güclü külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 27-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında yanvarın 27-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 14-19, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Tibbi-meteororloji proqnoza görə, yanvarın 27-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur diskomfortu gözlənilsə də, havanın oksigenlə zəngin olması müsbət amildir.
1news.az