Mübariz Qurbanlı: “Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək"
Bakıdakı “Heydər” məscidi Azərbaycandakı digər məscidlərdən fərqli olaraq, dini icmasız fəaliyyət göstərəcək.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: “Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsi əsas götürülərək idarə olunacaq”.
Qeyd edək ki, “Heydər” məscidi Qafqazın ən böyük məscidi hesab olunur. Ötən həftə uzun fasilədən sonra QMİ sədri Allahşükür Paşazadə tərəfindən ora imam (Hafiz Abbasov) və axund (Rüfət Qarayev) təyin edilib.
1news.az