Novak Cokovic altıncı dəfə “Australian open” tennis turnirinin qalibi olub - FOTO - VİDEO
Dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç “Australian open-2016” tenis turnirinin finalında britaniyalı Endi Marrey üzərində 3:0 hesabı ilə qələbə qazanıb - 6:1, 7:5, 7:6.
Hesabdan göründüyü kimi, üçüncü set çox gərgin keçib. Novak Cokoviç həmin setdə rəqibini tay-brekdə məğlub edib.
AZƏRTAC xəbər verir ki, bu, Cokoviçin “Böyük dəbilqə” seriyasından olan Avstraliya açıq birinciliyində altıncı qələbəsidir. Şotlandiyalı Endi Marrey isə finalda dörd dəfə oynasa da, ona hələ çempionluq sevinci yaşamaq nəsib olmayıb. O, dörd final oyununun hamısında Novak Cokoviçə uduzub.
Xatırladaq ki, dünən qadınlar arasında keçirilən final görüşündə sensasiya qeydə alınıb. Turnirin şəksiz favotiti olan bir nömrəli raketka ustası Serena Uilyams (ABŞ) reytiq cədvəlinin ikinci pilləsini tutan alman tennisçi Angelika Kerberə məğlub olub.