Voleybolumuzun Avrokuboklardakı “hərarəti”
Voleybol komandalarımız üçün Avrokuboklardakı növbəti mərhələ sona çatdı.
Qitə turnirlərində ölkəmizi təmsil edən 4 kollektivdən ikisi – “Lokomotiv” və “Azəryol” bu marafonda yolunu davam etdirdiyi təqdirdə, “Telekom” və “Azerrail” yarı yolda dayandı.
Gəlin, klublarımızın bu turnirlərdəki çıxışlarına bir qədər ətraflı nəzər salaq. Əvvəlcə Bakıda keçirilən qarşılaşma haqqında.
Voleybol Mərkəzində “Azəryol” - “Muşina” oyununu izlədiyim vaxt ilk dəqiqələrdən məni bir sual düşündürürdü. Necə oldu ki, “dəmiryolçular” səfərdə bu kollektivə məğlub oldu? Bəli, “Muşina” zəif komanda deyil və öz oyun üslubuna malik bir kollektivdir. Amma güclü olduğunu demək düzgün olmazdı. Açıq-aydın görmək olurdu ki, Polşa təmsilçisi nəinki oyunçuların səviyyəsi, həmçinin oyun təcrübəsi baxımından “Azəryol”dan geri qalır. İlk qarşılaşmada “Muşina” komandası doğma divarlar arasında 3-2 hesabı ilə qalib gəlmişdi. Bakıdakı görüşdən sonra belə qənaətə gəldim ki, Polşada qonaqlar azarkeş dəstəyi ilə özündə cəsarət toplayaraq məqsədinə çatıb. Təmsilçimizin isə sadəcə olaraq oyuna nəzarəti itirmək səbəbindən bu görüşdə məğlub ola bilərdi.
Doğma divarlar arasında “Azəryol” kifayət qədər sürətli oyunu ilə diqqət çəkdi. Xüsusilə də dəmiryolçular müasir voleybolda unudulmaq üzrə olan taktiki hücumlarla voleybolsevərləri sevindirdi. “Azəryol”un oyununu stabil saymaq olmaz, amma kollektiv gənc və perspektivli mütəxəsis Ziya Rəcəbovun rəhbərliyi altında çox inamlı və cəlbedicidir. Heyəti güclü saymasam da, demək olar ki, hamısı eyni ustalıq səviyyəsinə malikdirlər və meydanda biri-birilərini çox yaxşı başa düşürlər. Məhz bu qarşılıqlı anlaşma müəyyən elementlərdəki boşluqların ört-basdır edilməsində kollektivə xeyli yardımçı olur.
Bakıda “Muşina” səddini çətinlik çəkmədən adlayan “Azəryol” CEV Kubokunun “Çelenc raund”una vəsiqə qazandı və növbəti mərhələdə İtaliyanın “Novara” klubu ilə üz-üzə gələcək. Voleybolçularımız ilk sınağına 9-11 fevral aralığında məhz doğma meydanda çıxacaqlar.
Paytaxtın “Lokomotiv” komandası isə təkcə ölkə çempionatında deyil, avrokuboklardakı stabil oyunu ilə də bizi sevindirir. Doğma meydanda Kazanın “Dinamo” klubu üzərində 3-0 hesabı ilə inamlı qələbə qazanan voleybolçularımız 12 xal toplayaraq qitənin ən nüfuzlu turnirində play-off-a adlayan yeganə təmsilçimiz oldu. Bəli, “Dinamo” kollektivi Bakıya əsas heyətlə gəlməmişdi. Onlar 15 xal toplamaqla qrup birinciliyini öncədən təmin etmişdilər. Lakin rəqibə heç bir şans vermədən qalib gəlmək, sözsüz ki, “Lokomotiv” voleybolçularında özünəinam hissini artırdı.
“Lokomotiv” uğursuzluqdan və xüsusi nəzərə çarpacaq tənəzzüldən kənar komanda oyunu nümayiş etdirir. Bu kollektivi arxasınca aparmağı bacaran komandanın lideri Aneta Xavliçkova öz növbəsində baxımlı oyunu ilə diqqət çəkir.
Play-off-da isə təmsilçimiz İsveçrə “Volero”su ilə münasibətlərini aydınlaşdıracaq. Maraqlı məqamlardan biri isə rəqib komandanın şərəfini qoruyan oyunçulardan birinin məhz voleybol üzrə millimizin keçmiş üzvü Natalya Məmmədova olmasıdır. Bu mübarizəyə də fevralın məhz həmin günlərində start veriləcək.
Həmkarlarından fərqli olaraq, “Azerrail” və “Telekom” voleybolçuları Çempionlar liqasının qrup mərhələsini sönük və məzmunsuz oyunla başa vurdu. Xüsusilə də birincilər meydanda bir-biri ilə heç cür ortaq dil tapa bilmirdi. Bütün yaşananların yekununda komanda solğun bir mənzərə ortaya qoydu. “Azerrail”in turnirdəki çıxışının son akkordları isə səfərdə Almaniya “Ştutqart”ına 0-3 hesablı məğlubiyyəti oldu.
Nə taylandlı təcrübəli toppaylayıcı Nutsara Tomkom, nə komandanın vuran əli amerikalı Cessiki Tou-Arnett və bolqarıstanlı Straşimira Filipova, nə də Azərbaycan millisinin liderləri Odina Bayramova və Valeriya Korotenko “Azerrail”ə kömək edə bilmədi. 6 görüşün yekununda cəmi 3 xal toplayan voleybolçularımız qrup sonuncusu olmaqla CEV Kubokunun “Çelenc raund”a düşmək şansını belə itirdi. Halbuki təmsilçimiz 3-cülüklə bu mübarizəyə qatıla bilərdi.
“Telekom” da etimadı layiqincə doğrulda bilmədi. Buna baxmayaraq, komandamız son turda qapını arxasınca möhkəm çırpmağı bacardı. Təmsilçimiz Polşa səfərində “İmpel Vrotslav” kollektivi üzərində 3-2 hesablı əzmkar qələbə qazandı. Rabitəçilərə müəyyən mənada bəraət qazandırmaq olar. Komandanın üzvləri çox gəncdir və onlar nəinki oyun, elementar olaraq ciddi rəqiblərə tab gətirmək təcrübəsi baxımından da əziyyət çəkirlər.
Fevralda isə voleybolsevərləri yenidən Avrokubok həyəcanı gözləyir. “Lokomotiv”in Çempionlar liqasında, “Azəryol”un isə CEV Kubokunda mübarizə apardığı bir vaxtda “Azerrail” və “Telekom” onları kənardan izləyəcək və səhvləri üzərində çalışacaq.
Fəridə Rəsulova