Avropa İttifaqı: Yunanıstan qaçqınların qəbulu qaydalarını kobudcasına pozub
Yunanıstanın hakimiyyət orqanları qaçqınların yoxlanılması və qeydiyyatı zamanı Aİ-nin xarici sərhədlərinin qorunması qaydalarını kobudcasına pozublar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “Frankfurter Allgemeinen Sonntagszeitung” (FAS) qəzetinin Avropa İttifaqının daxili hesabatına istinadən son nömrəsində qeyd olunub.
Yunanıstanın Xios və Samos adalarında qaçqınların qəbulu məntəqələrində keçən il noyabrın 10-dan 13-dək Aİ inspektorları tərəfindən aparılmış yoxlamalar barədə hesabatda qeyri-leqal miqrantların qəbulu və qeydiyyatı zamanı yol verilmiş qayda pozuntuları sadalanır. Sənəddə göstərilir ki, dəniz sərhədinə lazımınca nəzarət edilməyib, patrul gəmilərinin sayının az olması sahil mühafizə xidmətinə siqnal işıqları yandırılmadan miqrantları daşıyan qaçaqmalçıların qayıqlarını aşkar etməyə imkan verməyib, Türkiyənin sahil mühafizə xidməti ilə birbaşa əlaqə saxlamağa imkan olmayıb.
Aİ inspektorları müəyyən ediblər ki, Yunanıstanın hakimiyyət orqanları qaçqınları qeydiyyata alarkən skanerlərdən istifadə etməklə miqrantların barmaq izlərini götürmür, Aİ-nin miqrasiya xidmətləri üçün ümumi qaydalara uyğun olaraq nəticələri Avropa İttifaqının “Eurodac” ümumi məlumat bazasına göndərmirlər. Xios adasındakı 4 skanerdən ikisi qeyri-işlək vəziyyətdə olub, digər iki qurğu isə internetə qoşulmayıb.
Miqrantların pasportlarının yoxlanılması və bu sənədlərin nömrələrinin Şengen informasiya sistemi (SİS) və İnterpolun məlumat bazası ilə tutuşdurulması da lazımi qaydada aparılmayıb. Sonradan müəyyən edilib ki, qondarma “İslam dövləti”nin keçən il noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktlarında əli olan iki silahlısı Yunanıstanın Leros adasından qaçqın adı ilə Aİ ərazisinə keçib. Halbuki FAS qəzetinin yazdığına görə hər iki terrorçunun pasportlarının nömrələri SİS məlumat bazasına daxil edilib.
1news.az