Özbəkistan portalı Heydər Əliyev Beynəlxalq Aeroportu haqqında yazır
Özbəkistanın Review.uz portalında “Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada ən gözəl hava limanı hesab edilib” adlı məqalə yayılıb.
Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.
Məqalədə bildirilir ki, ərəb dünyasının nüfuzlu “AL KUWAITIAH” qəzeti fotoşəkillər əsasında dünyanın bir çox ölkələrinin hava limanı ilə bağlı sorğu keçirib və sorğu nəticəsində bu qərar qəbul olunub.
Qeyd edilir ki, Bakıdan 20 kilometr aralıda yerləşən bu aeroport regionun ən müasir və orijinal hava limanıdır. Bu aeroportu müasir incəsənət muzeyi də adlandırırlar. Hava limanının təkrarolunmaz memarlıq üslubu, qeyri-adi interyeri və salonların texnoloji həlli diqqəti cəlb edir.
Bildirilir ki, Bakıda ilk hava limanı 1933-cü ildə inşa edilib, 1980-ci illərdə yeni kompleksin tikintisi həyata keçirilib.
1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Beynəlxalq Hava Limanının açılışı olub. 2014-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev aeroportun daha bir müasir kompleksinin açılışını edib. Yeni kompleks 65 min kvadratmetrdir və ildə 6 milyon sərnişinə xidmət göstərə bilər.
1news.az