Tayvanda zəlzələ nəticəsində həlak olanların sayı 60 nəfərə çatıb
Son məlumata əsasən, Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb, 559 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İtkin düşən 76 nəfərin axtarışı davam edir.
1news.az “РИА Новости” agentliyinə istinadla xəbər verir ki, bir müddət əvvəl xilasedicilər dağılmış 17 mərtəbəli evin dağıntıları altından bir neçə nəfəri sağ çıxardıqları barədə məlumat yayıb.
Zəlzələdən ən çox zərər çəkmiş Taynan şəhərinin mülki tikinti assosiasiyasının direktoru Çen Minçan axtarış-xilasetmə əməliyyatlarının əvvəlki templə davam edəcəyini bildirib.
Tayvan prokurorluğu zəlzələ zamanı dağlmış 17 mərtəbəli binanın tikintisini aparan “Golden Dragon Building” şirkətinin əməkdaşlarını həbs edib. Hökumət nümayəndəsi firma əməkdaşlarının ehtiyatsızlıq səbəbindən ölümə səbəbolma şübhəsi ilə həbs olunduğunu deyib. Belə ki, təbii fəlakət nəticəsində ölənlərin böyük əksəriyyəti bu binanın saknləridir.
Xatırladaq ki, fevralın 5-də Tayvan adasının cənub hissəsində 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı Yuytzin şəhərindən 25 kilometr cənubda yer səthindən 10 kilometr dərinlikdə yerləşib.
İki tektonik piltənin toqquşduğu ərazidə yerləşən Tayvan planetin seysmik cəhətdən ən aktiv zonalarından biri hesab olunur. Adanın seysmoloji stansiyası hər il 18 minə qədər yeraltı təkan qeydə alır. 1999-cu ildə baş verən 7,6 ballıq zəlzələ zamanı 2,4 min nəfər insan həyatını itirmişdi.
1news.az