Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nı həyata keçirir.
1news.az-ın məlumatına görə, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə reallaşdırılan proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.
11-12 fevral tarixlərində Almaniyanın Köln şəhərində yerləşən “TÜV Rheinland” Tədris Mərkəzində və müvafiq müəssisələrdə 4-25 aprel tarixlərində tədris və təcrübə keçəcək 25 sahibkar və menecer üçün Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilib.
İki gün davam edən tədbirdə sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Hazırda sahibkarların və menecerlərin 2016-cı ilin sentyabr ayında “İqtisadi kooperasiya” üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzində namizədlərin seçilməsi üzrə müsabiqə keçirilir.
GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults, layihələr üzrə meneceri Ulrike Fromm və GİZ-in eksperti Vladislav Belov tərəfindən keçirilmiş müsabiqədə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 40 sahibkar və menecer iştirak edir.
1news.az