Vəkil saxlanma məntəqəsində İsa Əzizova aid olduğu haqqında məlumat yayılan fotolarla bağlı açıqlama verib - FOTO
“Son vaxtlar KİV-də və internet saytlarında İsa Əzizovun inzibati həbs olunanların saxlanma məntəqəsində guya təmizlik işləri aparması barədə yayılan görüntülərdəki şəxs İsa Əzizov deyil”.
1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İsa Əzizovun vəkili Gülşən Salmanova deyib. G. Salmanova qeyd edib ki, həmin məntəqədə saxlanılan şəxslərin fotoşəkillərinin görüntüdəki kimi çəkilməsi mümkün deyil: “Həmin fotoşəkilin İsa Əzizova qətiyyən adiyyatı yoxdur. Bu məlumatlar hansısa şəxslərin maraqları ucbatından qərəzli şəkildə yayılır. Bu cür informasiyaların kim tərəfindən və hansı məqsədlə yayılmasının səbələri bizə məlum deyil. Hazırda İsa Əzizov məhkəmənin qərarına əsasən ona təyin olunmuş 30 sutka inzibati həbs cəzasını çəkir. Onun saxlanma şəraiti normaldır və hər hansı təzyiq olunması barədə heç bir şikayəti yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparması haqqında bir sıra KİV-də məlumat və foto yayılıb.
Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Daha sonra Apellyasiya Məhkəməsində Sadiq Bağırovun döyülməsi ittihamı ilə həbs olunan İsa Əzizov və Mahir İsgəndərovun şikayətinə baxılıb.
Şikayətə Əmir Bayramovun sədrliyi ilə məhkəmə kollegiyasında baxılıb. Məhkəmə zamanı İ.Əzizov günahını boynuna alıb və deyib ki, hadisə zamanı içkili olub, baş verənlərə görə peşmandır.
Məhkəmə şikayətə baxıb və qəbul etməyib. İ.Əzizov və M. İsgəndərovun həbsi ilə bağlı qərar qüvvədə qalıb.
Daha sonda DİN İ.Əzizovun qaldığı təcridxanada təhqir və hüquq pozuntusina məruz qalması ilə bağlı yayılan məlumatlara açıqlama verib.
Mövzu ilə bağlı oxuyun:
1news.az