Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ilk mərhələsinin başlanmasına artıq sayılı günlər qalıb.
1news.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumat verir ki, Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 18 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşarkən, Azərbaycan paytaxtına ilk təşrif buyuracaq yığma komandalar məlum oldu. Dünya Kuboku mərhələsinin yarışlarında tam hüquqla iştirak etmək üçün İsveç və Yaponiya komandaları artıq 16 fevral tarixində akkreditasiyadan keçəcəklər. Lakin skandinavları və Gündoğan ölkənin nümayəndələrini, bu birincilikdə turnirin başlanmasından xeyli əvvəl Bakıya təlim-məşq toplanışına gələn Özbəkistan və İsrail yığma komandaları qabaqlamışdır.
Dünya Kuboku – ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini – Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belarus) də səfər edəcək.
Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.
Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin ən yüksək təşkilatçılıq səviyyəsində keçməsi gözlənilir. “Bizdə, hava limanında qarşılamadan tutmuş son mükafatlandırmaya qədər, artıq hər şey hazırdır. Ümid edirəm ki, bizim komanda Kubok ərzində nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək”, - deyə, o, qeyd etdi.
“Bizim idmançıların iştirakına gəldikdə isə, əminəm ki, həm kişi, həm də qadın yığma komandası idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Mən, həmçinin bütün azarkeşləri 19-21 fevral tarixlərində MGA-nın tribunalarını doldurmağa, öz iştrakçılarımızı dəstəkləməyə və bizmlə birgə bu idman bayramını yaşamağa çağırıram!”,- deyə, AGF-nın Baş katibi bildirdi.