UEFA Putinə görə “Lokomotiv”i cəzalandıra bilər
Rusiyanın “Lokomotiv” klubu və futbolçusu Dmitri Tarasov UEFA tərəfindən sərt cəzaya məruz qala bilər.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb kimi, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində dünən İstanbulda keçirilmiş “Fənərbaxça” – “Lokomotiv” matçından sonra Tarasovun geyindiyi köynək göstərilir.
Belə ki, görüş başa çatandan sonra yarımmüdafiəçi üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Ən nəzakətli prezident” sözləri yazılmış formanı nümayiş etdirib. Hazırda iki ölkə arasında siyasi münasibətlər yaxşı olmadığından, Tarasovun bu addımı birmənalı qarşılanmayıb.
Siyasi aksiyaların futbol oyunlarına yansımasına qarşı çıxan Avropa Futbol Assosiasiyaları İttifaqı Tarasovun cəzalandırılmasını tələb edir. Rusiyalı futbolçunun bu hərəkətinə görə minimum 10 oyunluq diskvalifikasiya olunacağı bildirilir.
Tarasov öz hərəkətini Vladimir Putinə dəstək olmaq istəməsi ilə əlaqələndirib: “Putin mənim prezidentimdi. Ona hörmət edirəm və bu hərəkətlə hər yerdə dəstək olduğumu göstərmək istədim. Öz ideyam idi. Amma hər hansı təxribata yol açmaq fikrində deyildim. Bir də ilk dəfə deyil ki, bu futbol köynəyini geyinirəm”.
Tarasovun məlum hərəkəti özü ilə yanaşı, klubunu da sərt cəza ilə üz-üzə qoya bilər. Yerli mətbuata danışan rusiyalı deputat İqor Lebedev də bunu istisna etməyib: “Hər şey UEFA-nın qərarından asılıdı. Futbolçu ilə yanaşı, kluba da çox ağır cəza tətbiq oluna bilər”.
Qeyd edək ki, “Fənərbaxça” – “Lokomotiv” matçı ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə nəticələnib. Bu komandalar arasında cavab qarşılaşması fevralın 25-də keçiriləcək.
1news.az