Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi müzakirə edilib
Fevralın 20-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.
Komitənin sədri Hadi Rəcəbli bildirib ki, manatın məzənnəsinin aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib. Bu qanun layihəsinin mərkəzində dünyada gedən iqtisadi proseslərin, Azərbaycanın büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Dövlət büdcəsinin yenidən baxılmış sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artdığı halda, bu sahə üzrə artım 42.3 faizdir. Bu, o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir.
Qeyd edilib ki, 2016-cı ilin dövlət büdcəsinə təqdim olunan dəyişikliklərin əsas mahiyyəti qlobal iqtisadiyyatda baş verən gərginlikdən maksimum az itki ilə çıxmaq, iqtisadi inkişafın azalma meyillərinin qarşısını almaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, manatın ucuzlaşması nəticəsində yaranan əlavə sosial öhdəlikləri və digər zəruri dövlət xərclərini maliyyələşdirmək üçün real maliyyə təminatı yaratmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 10 faiz artırılması və digər sosial proqram və tədbirlər qanuna ediləcək dəyişikliklərin əsasını təşkil edir. Bununla yanaşı, xarici valyutada olan öhdəliklər, o cümlədən dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakı, müdafiə və təhlükəsizlik tədbirləri üzrə xüsusi dövlət alışları, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər tədbirlər müzakirə edilən qanun layihəsində nəzərə alınıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda çıxış edərək bildirib ki, Milli Məclisdən Hesablama Palatasına daxil olan büdcə zərfindən də göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti dünya iqtisadiyyatında baş verən proseslərdən yaranıb. Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun planlaşdırılan islahatlarla əhalinin sosial müdafiəsinin əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı dövrdə Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu sırada əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin görülməsi, büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının, eləcə də pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli şəkildə artırılması istiqamətində qəbul edilən ardıcıl qərarlar Azərbaycanın milli iqtisadiyyatının sosialyönümlülüyünü daha da gücləndirib və ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini şərtləndirən sığorta-pensiya sisteminin maliyyə təminatı göstəricilərinə yenidən baxılmasını zəruri edib.
E.Mehdiyev deyib ki, müzakirəyə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur.
Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə əlaqədar bütün növ əmək pensiyalarının baza və baza hissinə əlavələrinin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artımla bağlı əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb. Həmçinin qanun layihəsində məcburi dövlət sosial sığorta aktları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artımlar nəzərdə tutulub.
Müavinətlərin ödənişi xərcləri 102.9 milyon manat olmaqla, 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17.5 faiz və ya 15.3 milyon manat artımla nəzərdə tutulur. O cümlədən hamiləliyə və doğuşa görə müavinət üzrə xərclər 1.3 faiz və ya 0.4 milyon manat artımla, uşağın anadan olmasına görə müavinət üzrə xərclər 10 faiz və ya 0.8 milyon manat artımla, 3 yaşa çatanadək uşaqlara qulluqla əlaqədar müavinət xərcləri 34.3 faiz və ya 3.3 milyon manat artımla, dəfn üçün müavinət xərcləri 10.3 faiz və ya 1.6 milyon manat artımla, işsizliyə görə müavinət xərcləri isə 2.4 dəfə və ya 9 milyon manat artımla proqnozlaşdırılır. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının ödənilməsi üzrə xərclər isə 0.9 milyon manat və ya 4.5 faiz artımla proqnozlaşdırılır.
Vurğulanıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif olunan variantda qəbulu ölkəmizin sosial-iqtisadi həyatının mühüm həlqəsi olan sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkanlar yaradacaq.
İclasda iştirak edən İqtisadiyyat və Maliyyə nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri, eləcə də Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvləri müzakirəyə çıxarılan hər iki qanun layihəsinə münasibət bildiriblər. Qeyd edilib ki, 2016-cı ilin həm dövlət büdcəsinə, həm də Sosial Müdafiə Fondunun büdcəsinə təklif olunan dəyişikliklər günün tələbindən irəli gəlib. Bu, Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə yeni bir töhfə olacaq.
Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.