Ficidə “Uinston” qasırğası nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb –FOTO – YENİLƏNİB
Ötən istirahət günlərində Fici adalarını əhatə edən güclü “Uinston” tropik qasırğası nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə hökumətin mətbuat katibi Den Qavidi məlumat verib.
Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 230 kilometrə, ani şiddəti isə 315 kilometrə çatıb. Adaların sahillərində okean dalğalarının hündürlüyünün 12 metrə çatdığı bildirilir. Mütəxəssislərin qənaətinə görə, “Uinston” qasırğası Ficidə meteomüşahidələrin aparıldığı müddət ərzində ən dəhşətli və dağıdıcı tropik siklon olub. Ötən şənbə hökumət bir ay davam edəcək fəlakət rejimi barədə qərar qəbul edib.
Ficinin baş naziri Voreqe Baynimar bildirib ki, qasırğa infrastrukturu tam dağıdıb və ölkənin yaşayış fonduna ciddi ziyan vurub. Son məlumatlara görə, evlərini itirən 13 mindən çox ficili hələ də təxliyə mərkəzlərində yaşayır. Ölkə əhalisinin təqribən 70 faizinin yaşadığı Viti-Levu adasında qasırğa minlərlə evi dağıdıb, 60 məktəbin binası isə ya tam dağılıb ya da ciddi ziyan çəkib.
Arxipelaqın digər adalarından daxil olan məlumatlarda bildirilir ki, “Uinston” bəzi kəndləri yerlə yeksan edib. Aşağı ərazilərdə yerləşən yaşayış məntəqələrinin sakinləri daha çox ziyan çəkiblər. Hökumət orqanları daha uzaq adalardan məlumat əldə edə bilmədiklərinə görə həlak olanların sayının kəskin artacağı təhlükəsi də var.
09:50
Sakit okeanda yerləşən Fici ada dövlətində baş verən "Uinston" tropik qasırğası nəticəsində ölənlərin sayı günbəgün artır.
1news.az xəbər verir ki, indiyədəkdək 29 nəfərin öldüyü bildirilirdisə , artıq qurbanların sayı 36 nəfərə çatıb.
Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən "Frans Press" məlumat yayıb.
Qasırğaya ən yüksək - beşinci təhlükə dərəcəsi verilib. Hökumət 30 gün müddətinə ölkədə təbii fəlakət rejiminin tətbiq edildiyini bildirib.
1news.az