Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı"na layiq görülüb-FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb.
1news.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, martın 3-də şirkətdə medalın təqdim olunma mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru İbrahim Quliyev bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini görkəmli Azərbaycan alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi, akademik Azad Mirzəcanzadənin adına təsis edib. Bu medal dünyada azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafatdır. Əlamətdar haldır ki, Rusiya Təbiət Elmləri Akademiyası “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə ilk olaraq Azərbaycan neft sənayesinin və neft elminin patriarxı Xoşbəxt Yusifzadəni təltif edib. Bu münasibətlə akademik Xoşbəxt Yusifzadəni təbrik edən AMEA-nın vitse-prezidenti İbrahim Quliyev medalı ona təqdim edib.
SOCAR-ın vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov yüksək mükafata layiq görülməsi münasibəti ilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, akademik Azad Mirzəcanzadənin adına təsis olunan medalın ilk olaraq akademik Xoşbəxt Yusifzadəyə verilməsini qanunauyğun hal kimi qiymətləndiriblər. Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru Əzizxan Şahverdiyev mərasim zamanı telefonla zəng edərək Xoşbəxt Yusifzadəni təbrik edib, ona gələcək fəaliyyətində yeni elmi uğurlar arzulayıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasına və mərasim iştirakçılarına təşəkkürünü bildirib, akademik Azad Mirzəcanzadə ilə birgə fəaliyyətindən danışıb, onunu adına təsis olunmuş medalla ilk dəfə təltif edilməsindən ikiqat qürur hissi keçirdiyini vurğulayıb. X.Yusifzadə bundan sonra da neft elmi sahəsində akademik Azad Mirzəcanzadənin mütərəqqi ideyalarının həyata keçirilməsi sahəsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə 2014-cü ilin dekabrında Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Dünyanın nüfuzlu elmi mərkəzlərindən sayılan Rusiya Təbiət Elmləri Akademiyası 1991-ci ildə görkəmli elm xadimləri, Nobel mükafatı laureatları tərəfindən yaradılıb. Hazırda Akademiya öz sıralarında dünya şöhrətli 200-dən artıq alimi birləşdirir. Bunlardan bir çoxu Rusiya Elmlər Akademiyasının və digər akademiyaların həqiqi üzvləridir. AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə həm də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.
1news.az