İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına elektron qaydada müraciət etmək mümkün olacaq
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə şuraya elektron qaydada müraciət etmək üçün nazirliyin www.economy.gov.az saytında xüsusi bölmə yaradılıb.
1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət” bölməsinin yaradılması ilə sahibkarların nazirliyin Apellyasiya Şurasına müraciət etmək imkanları – birbaşa, poçt vasitəsilə və elektron olmaqla genişləndirilib.
Sahibkarlar bu bölməyə daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərini Apellyasiya Şurasına göndərə bilərlər. Elektron şikayətlər sistem tərəfindən dərhal qeydiyyata alınır və araşdırılması üçün nazirliyin Apellyasiya Şurasına təqdim olunur, qanunvericiliyə uyğun olaraq baxılır və nəticısi barədə sahibkara məlumat verilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq yaradılıb. İqtisadiyyat nazirinin müavininin rəhbərlik etdiyi Şuranın nazirliyin məsul əməkdaşlarından ibarət 7 üzvü var.
1news.az