Şahin Mustafayev: "Fransa şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyəti qəbuledilməzdir"
İqtisadiyyat naziri Şahin Mustafayev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.
Bildirilmişdir ki, Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verir.
Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin, eləcə də mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə önəmlidir.
Azərbaycan-Fransa iqtisadi əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir Şahin Mustafayev ölkələrimizin ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, 2015-ci ildə Parisdə təşkil edilmiş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar Azərbaycan-Fransa iş adamları arasında əməkdaşlığın genişlənməsində, təcrübə mübadiləsində əhəmiyyətlidir.
Qeyd olunmuşdur ki, Fransa Şirkətlər Hərəkatının (MEDEF) may ayında ölkəmizə nəzərdə tutulan səfəri zamanı nümayəndə heyətində çoxsaylı fransız şirkətlərinin təmsil olunması da iş adamları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir. Azərbaycanın Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq etdiyini qeyd edən nazir Şahin Mustafayev ölkəmizin hazırda müzakirəsi davam etdirilən Azərbaycanla Fransa arasında Regionlararası Əməkdaşlıq Şurasının yaradılmasını dəstəklədiyini vurğulayıb.
Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırmış, Fransanın bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətinin qəbuledilməz olduğunu vurğulayıb.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Azərbaycanın Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirmiş, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
1news.az