Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana 10 dəst kənd təsərrüfatı texnikası verilib – FOTO
Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın Kvemo Kartli bölgəsinə 10 dəst kənd təsərrüfatı texnikası verilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Rustavi şəhərində olub. O, burada Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 yeni “Belarus” traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.
Bildirilib ki, Prezident İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Bu gün Azərbaycan Prezidentinin tapşırıqlarından biri həyata keçirilir.
SOCAR tərəfindən Kvemo Kartli quberniyasının administrasiyasına əvəzsiz olaraq 10 dəst kənd təsərrüfatı texnikası (10 “Belarus” traktoru və 10 kotan) verilib.
R.Abdullayev ilə Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvilinin görüşündə Azərbaycanın Gürcüstana bütün sahələrdə köməklik göstərdiyi xüsusi qeyd olunub. Gürcüstan tərəfi bu dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Qeyd edək ki, tərəflər arasında yeni memorandum imzalanıb. Sənəddə Kvemo Kartli bölgəsinə daha 10 dəst kənd təsərrüfatı texnikasının verilməsi nəzərdə tutulub. Texnikanın bu ilin sonanadək Gürcüstana veriləcəyi bildirilib.
Görüşdə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.
1news.az