Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Lənkəran və Astarada görüşlər keçirib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin martın 7-də Lənkəran və Astara rayonlarında toplantıları keçirilib, qəsəbə və kəndlərdə yerli sakinlərlə görüşlər olub.
1news.az-ın Fonda istinadən verdiyi xəbərə görə, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şəhərində keçirilən iclasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, Heydər Əliyev Fondunun hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub.
“Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri tikilib və əsaslı təmir edilib, əhalinin səhiyyə xidməti ilə bağlı problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Fond vasitəsilə indiyədək 50 mindən artıq insanın həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə olunduğunu deyən A.Ələkbərov təkcə ötən il 152 uşaq üzərində ürək əməliyyatı aparıldığını deyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.
Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görəcəyini bildirən A.Ələkbərov hər bir kəsi, xüsusilə gəncləri İctimai Birliyin fəaliyyətində yaxından iştiraka dəvət edib. Vurğulayıb ki, daxil olan kollegial müraciətlər İctimai Birliyin fəaliyyət istiqamətinə uyğun araşdırılacaq, lakin əsas məqsəd dövlət qurumları ilə, təşkilatlarla vətəndaşların arasında sıx əlaqənin yaradılması olacaq.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, yeni İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərin öyrənilib həlli istiqamətində tədbirlər görüləcək.
İctimai Birlik eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə şərait yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.
Bir sıra problemlərin öz həllini vaxtında tapmamasının səbəbinin aidiyyəti dövlət qurumları ilə vətəndaşlar arasında ünsiyyətin yaranmamasından irəli gəldiyi, “Regional İnkişaf” İctimai Birliyinin belə bir dialoqun yaranması, məsələlərin həlli üzrə fəaliyyət göstərəcəyi qeyd olunub. Fondun 12 illik fəaliyyətinin regionlarda daha da genişləndiriləcəyi bildirilib və bu baxımdan könüllülərin təşkilat ətrafında birləşməsinin, “Regional İnkişaf” İctimai Birliyinin sosial şəbəkələrdəki səhifələrində fəal olmasının vacibliyi vurğulanıb.
Məlumat verilib ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edəcək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, “Regional İnkişaf” İctimai Birliyi insanların həyatında mühüm rol oynayacaq. O, rayonun ağsaqqal və gənclərini, bütövlükdə Lənkəran ictimaiyyətini Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər verməyə çağırıb.
Tədbirdə çıxış edən rayon ağsaqqalları və gənclər Heydər Əliyev Fondunun bu günədək Lənkəranda müxtəlif sahələrdə həyata keçirdiyi layihələr, inşa edilən təhsil və səhiyyə müəssisələri, uşaq evləri barədə danışıblar. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək, autizm və bu kimi sosial məsələlər üzrə regionlarda bərpa mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, erkən nikahlar, eləcə də ucqar kəndlərdə qız uşaqlarının təhsildən yayındırılması, kompyuter texnologiyaları, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Astara rayonunun Siyakü kəndində bir sıra təklifləri sakinlərlə yerindəcə müzakirə ediblər. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Fond mövcud problemlərin həlli və regionların inkişaf etdirilməsi üzrə bilavasitə yerlərdə sakinlərlə görüşlər keçirərək, onları dinləməklə həm də ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadır.
“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olublar. Heydər Əliyev Fondunun təhsil sahəsi üzrə layihəsi çərçivəsində bu uşaq evinin təmiri məsələsi müzakirə edilib.
1news.az