Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
1news.az-ın məlumatına görə, bu gün 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Belə ki, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklif konfransda qəbul edilib.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
8 Mart - Beynəlxalq Qadınlar Günü bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qeyri-iş günü elan olunub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870,0 min nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, ölkədə qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib.
Bayramınız mübarək əziz qadınlar!
1news.az