Bakı-Aktau-Bakı marşrutu üzrə hərəkət edən yük avtomobillərinin sayı 7 dəfədən çox artıb
Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının www.transit.az portalının təqdimatında bildirilib. Qeyd olunub ki, bu, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına mümkün olub.
Nəticədə 2015-ci ilin yanvar-fevral ayları ərzində Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili dəhlizdən istifadə etdiyi halda, 2016-cı ilin analoji dövründə avtomobillərin sayı 7,3 dəfə artaraq 1582 olub.
Aktau Limanına gedən tırların bərələrə yüklənməsində yaranan problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş tədbirlər nəticəsində yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq edib, yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarmış, bərə reyslərinin sayı artırılıb.
1news.az