Natiq Əmirov: “Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar həyata keçiriləcək”
“Son 10 il ərzində Azərbaycan ÜDM-in 3 dəfədən çox artdığı qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
"Maliyyə Bazarlarına Nəzarət Palatasının və beynəlxalq maliyyə təşkilatlarının bununla bağlı öz təklifləri var. Bu problemin aradan qaldırılması istiqamətində ciddi işlər aparılır və biz bu istiqamətdə ciddi addımlar atmağı düşünürük. Təkliflərdən biri uçot dərəcəsinin qaldırılması ilə bağlıdır. Düşünmürəm ki, Mərkəzi Bank uçot dərəcəsini 15%-dək qaldırsa, likvidlik problemi həll olunacaq. Sadəcə tədbir xətrinə tədbir görmək doğru deyil. Düşünülmüş addımlarla, geniş diapazonda baxış sərgiləməklə manat likvidliyini bərpa edə bilərik. Beynəlxalq praktikaya müraciət etmək lazımdır", - deyə N. Əmirov qeyd edib.
Prezidentin köməkçisinə təbdir iştirakçılarından biri manat əmanətləri üzrə sığortalanan faiz dərəcələrinin artırılması ilə bağlı sual ünvanlayıb. N. Əmirov cavabında deyib ki, bu addımı doğru hesab etmir: "Siz təklif edirsiniz ki, sığortalanan faiz dərəcələrini 12%-dən 16%-dək artıraq. Bəziləri bu rəqəmin 18%-dək artırılmasını təklif edir. Yaxşı, qaldıraq... Bank 18%-lə cəlb etdiyi vəsaitlə nə edəcək, harada yerləşdirəcək? Siz düşünürsünüz ki, sahibkarlara 30%-lə kredit verib, bu sahəni inkişaf etdirə biləcəyik?".
N. Əmirov bankların kredit siyasətini də sərt tənqid edib: "Banklar cəlb etdiyi vəsaiti mütləq real sektorda yerləşdirmək məcburiyyətindədir. Bu gün kreditlərin qaytarılmasında problemlər var. Bu problemə banklar tərəfindən kredit siyasətinin düzgün aparmaması səbəb olub. Açıq demək lazımdır ki, bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır. Həmin şəxslər konkret adamlara kreditlərin verilməsi ilə bağlı göstərişlər verir. Bankların idarə olunmasında problemlər var. Bu gün biz bankları qorumalıyıq, özü də birinci növbədə onların sahiblərindən qorumalıyıq. Kreditlər və depozitlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır".
1news.az