Aİ-nin Cənubi Qafqaz siyasəti: vassal ölkə ilə güclü tərəfdaş arasındakı fərq – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Aİ-nin Cənubi Qafqaz siyasəti: vassal ölkə ilə güclü tərəfdaş arasındakı fərq – Newtimes.az

14:56 - 14 / 03 / 2016
Aİ-nin Cənubi Qafqaz siyasəti: vassal ölkə ilə güclü tərəfdaş arasındakı fərq – Newtimes.az

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycana və Ermənistana səfərində bir sıra maraqlı tezislər irəli sürüb.

Əvvəlcə, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin ikinci toplantısında iştirak edən və ölkə rəhbərliyi ilə fikir mübadiləsi aparan xanım diplomat, sonra da İrəvana gedib. O, Aİ-nin Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini ifadə edibBakının Avropanın enerji təhlükəsizliyində ciddi rol oynadığını söyləyib. Bu səbəbdən Azərbaycanla əlaqələrin Brüssel üçün strateji əhəmiyyətli məsələ olduğunu vurğulayıb. İrəvanda isə F.Moqerini Aİ-nin vassal ölkə axtarmadığını, Avropanın güclü tərəfdaşa ehtiyacının olduğunu bəyan edib. Bu mesajlar, faktiki olaraq, təşkilatın Cənubi Qafqaz siyasətində prioritet məqamları ifadə edir. Bunun qlobal miqyasda geosiyasi vəziyyətə təsir edəcəyini proqnozlaşdırmaq olar.

Avropanın təhlükəsizlik siyasətində enerji diplomatiyası: status dəyişir

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Cənubi Qafqaz ölkələrinə səfərini ekspertlər Qərbin qlobal geosiyasi kursu kontekstində qiymətləndirirlər. Xanım diplomat Bakı və İrəvanda təşkilatın bu və ya digər məsələlərə münasibətində bütövlükdə Aİ ilə region dövlətlərinin əməkdaşlıq perspektivlərinin vacib aspektlərinin əks olunduğunu bildirdi. Yaxın Şərq regionunda müşahidə edilən geosiyasi proseslər fonunda bu, kifayət qədər mühüm tezisdir.

F.Moqerini Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxışı zamanı Aİ-Azərbaycan münasibətlərinin bir sıra prinsipial məqamlarına toxunub (bax: Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib / AZƏRTAC, 29 fevral 2016).

Hər şeydən əvvəl, Aİ-nin Azərbaycanla münasibətlərinə geniş geosiyasi kontekstdə yanaşıldığı aydın olur. F.Moqerininin dediyinə görə, bunun kökündə təşkilatın fəaliyyətinə aid olan bir ziddiyyətli məqamın aradan qaldırılması dayanır. Məsələ "Avropa İttifaqı daxilində enerji siyasətinin heç də həmişə xarici siyasətlə bağlı olmamasından" qaynaqlanır (bax: əvvəlki mənbəyə). Aİ rəsmisinin bu sözləri təşkilat daxilində fikir ayrılıqlarının mövcudluğuna işarə verir.

Konkret olaraq, F.Moqerini Aİ-nin daxili enerji siyasəti ilə qurumun xarici siyasətinin vəhdət təşkil etmədiyini ifadə edir. Təbii ki, müasir tarixi mərhələdə bu, ciddi qüsurdur. Çünki bu halda indiki geosiyasi şərtlər daxilində enerji təhlükəsizliyini təmin etmək mümkün olmur. Xarici və daxili siyasət bir-birini tamamlamalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Ancaq burada digər prinsipial məsələ də vardır. Biz, daxili enerji siyasəti ilə xarici siyasətin uzlaşdırılmasının şəffaf, səmimi, ədalətli, bir sözlə, ikili standartlardan uzaq siyasətin yeridilməsindən birbaşa asılı olduğunu ifadə etmək istəyirik. Deməli, Aİ F.Moqerininin yuxarıda vurğuladığımız mövqeyini reallaşdırmaq arzusundadırsa, ilk növbədə, siyasi kursunun məzmununda dəyişiklik etməlidir.

Bu kontekstdə F.Moqerininin bir qədər etiraf xarakterli aşağıdakı fikirləri maraqlıdır: "Həm Maroş Şevçoviç, həm də mən bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq... Biz keçən il Maroş Şevçoviç ilə birlikdə fəaliyyətə Avropa İttifaqı daxilində enerji siyasətinin heç də həmişə xarici siyasətlə bağlı olmamasına dair fikirlərimizi paylaşmaqla başladıq. Biz Komissiya daxilində bütün 28 üzv ölkə ilə bu siyasətləri bir-birinə daha da bağlamaq üçün çalışırıq. Çünki bu gün dünyada biz enerjinin pisə və yaxşıya doğru aparmasına baxmayaraq, təhlükəsizliyin və bizim xarici əlaqələrimizin, regional şəbəkənin bir hissəsi olduğunu görürük" (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, enerji diplomatiyasının Aİ-nin xarici işlər və təhlükəsizlik siyasətindəki statusu daha da artır. Bunun fonunda "Cənub qaz dəhlizi" layihəsi Aİ-nin enerji təhlükəsizliyi çərçivəsindən kənara çıxıb bütövlükdə regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın aparıcı elementinə çevrilir. Konkret olaraq, "bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir" (bax: əvvəlki mənbəyə).

İrəvana xəbərdarlıq: "qeyri-müəyyən müəyyənlik"

Həmin yanaşmanın birbaşa geosiyasi təzahürü Avropa rəsmisinin dilindən aşağıdakı kimi səslənib: ""Cənub qaz dəhlizi"nin və Xəzər regionunun bizim əsas prioritetlərimiz sırasında olması açıq-aşkardır" (bax: əvvəlki mənbəyə). Bu, artıq Aİ-nin qlobal siyasətdə reallaşdırmaq istədiyi konkret xətdir. Təbii olaraq, bu kursun bir aspekti də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəli olmalıdır. Bununla bağlı F.Moqerini Bakıda olarkən deyib ki, "regionda sabitliyin bərqərar olunması zəruridir və Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün qorunmasındakı səyləri davam etdirir" (bax: əvvəlki mənbəyə).

Həmin kontekstdə o, bölgədəki ümumi geosiyasi vəziyyətin, o cümlədən İran, Türkiyə və Rusiyadakı durumun Azərbaycan rəhbərliyi ilə müzakirə edildiyini öz bloqunda yazıb (bax: Returning from Azerbaijan and Armenia / "Federicamogherini.net", 2 mart 2016).

Aİ rəsmisinin yuxarıda göstərdiyimiz sonuncu fikrinin işığında onun Ermənistana səfəri də maraq doğurur. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İrəvanda hansı mesajları verib?

Ermənistan ekspertləri etiraf edirlər ki, "Federika Moqerininin Ermənistana səfərinin nəticələrini qiymətləndirməkdə çətinlik çəkirlər" (bax: В итоге визита Могерини в Армению / "Lragir.am", 2 mart 2016). Yalnız Suriyadan gələn qaçqınlara maddi yardım ayırmaq məsələsində konkret bir fikir bildirilib. Digər problemlər üzrə hər hansı dəqiq mövqe ortaya qoyulmayıb. Ümumi səviyyədə Aİ-Ermənistan əməkdaşlığının aktuallığı vurğulanıb. 2013-cü ildən bu yana çox zəifləmiş əlaqələrin bərpası ətrafında fikir mübadiləsi aparılıb.

Belə görünür ki, Avropa rəsmisi daha çox nəzakət xatirinə və Azərbaycana səfərinə bir növ balans yaratmaq üçün İrəvana gedib (bax: əvvəlki mənbəyə). Lakin xanım F.Moqerininin Ermənistanda ifadə etdiyi bir fikir kifayət qədər konkret məzmun kəsb edir. Bunu erməni ekspertlər elə də qabartmırlar. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib: "Bizə vassal gərək deyil. Bizə tərəfdaş, həm də güclü tərəfdaş lazımdır" (bax: Могерини: партнёрство ЕС с Арменией положительно скажется на всем регионе / "REGNUM", 1 mart 2016).

Bakıda F.Moqerini Aİ-nin Azərbaycanla əməkdaşlığa "xüsusi prioritet" istiqamət kimi baxdığını açıq söyləmişdi. Avropalı diplomatın məntiqindən Azərbaycanın etibarlı və güclü tərəfdaş olaraq qəbul edildiyi aydın görünür. İrəvanda isə Ermənistanla əlaqələr kontekstində "vassal ölkə" ifadəsini işlətməklə, o, Cənubi Qafqazda hansı dövlətə necə münasibətin olduğuna işarə edib. Məhz buna görədir ki, erməni ekspertlər Aİ-Ermənistan münasibətlərini "qeyri-müəyyən müəyyənlik" kimi də xarakterizə edirlər (bax: məs., Арам Аматуни. Армения-ЕС: неопределенная определенность / "1in.am", 6 mart 2016).

Ermənilər üçün "qeyri-müəyyən" olan məqamlardan biri F.Moqerininin Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsi zərurətini vurğulaması olub. Bu barədə xanım diplomat İrəvanda jurnalistlərin suallarına cavab verərkən bildirib (bax: Могерини: Статус-кво в Карабахском конфликте должен быть изменен / "Кавказ Online", 2 mart 2016).

Beləliklə, Federika Moqerininin Cənubi Qafqaza səfəri zamanı ifadə etdiyi fikirlər göstərir ki, Avropa bu bölgə istiqamətində yeritdiyi siyasətdə müəyyən düzəlişlər etməkdədir. Brüssel Azərbaycanın region üçün əhəmiyyətini bir daha vurğulayır və həmin məqamı daha çox nəzərə almağa çalışır. Eyni zamanda, Ermənistanın vassal ölkə olmaqdan xilası üçün addımlar atmaqda da maraqlıdır. Hələlik İrəvan ortaya tutarlı bir proqram qoya bilmir. Onun Rusiyadan asılılığına son qoymaq olduqca çətindir. İllərdir yeridilən qeyri-müstəqil siyasət xeyli problemlər yaradıb. Yuxarıda deyilənləri yekunlaşdıraraq, Aİ-nin Cənubi Qafqazda əsas olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Ancaq bunun Brüsselin ikili standartlar siyasətindən əl çəkdiyinə işarə etmədiyini də qeyd etmək istərdik.

Newtimes.az

Paylaş:
1295

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər