Azərbaycanda yeni körpü açılıb – FOTO-VİDEO
Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən və Tərtərçay üzərində yerləşən avtomobil körpüsü “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yüksək keyfiyyətlə yenidən tikilərək yerli sakinlərin istifadəsinə verilib.
Bu barədə 1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Müasir tipli yeni körpünün istismara verilməsi münasibəti ilə keçirilən tədbirdə ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.
“Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilib. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılıb. Görülmüş işlər nəticəsində körpünün yük götürmə qabliyyəti 60 tona qədər artıb”, - A.Nəcəfli bildirib.
Qeyd edək ki, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib.
1news.az