Qlobal təhlükələr: Münhen konfransının cavabsız sualları - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Qlobal təhlükələr: Münhen konfransının cavabsız sualları - Newtimes.az

14:44 - 15 / 03 / 2016
Qlobal təhlükələr: Münhen konfransının cavabsız sualları - Newtimes.az

Almaniyanın Münxen şəhərində təhlükəsizliyə həsr edilmiş növbəti beynəlxalq konfrans keçirilib.

1963-cü ildən etibarən təşkil edilən bu tədbirlərdə dünyanın çoxlu sayda ölkəsindən siyasətçilər, alimlər, diplomatlar, iş adamları və ictimai xadimlər iştirak edirlər. Bu dəfə bütün dünyanı narahat edən aktual problemlərin müzakirə olunaraq həlli yollarının təklif ediləcəyinə ümid az deyildi.

Lakin konfransın gedişatı göstərdi ki, böyük dövlətlər arasında mövcud problemlərə yanaşmada ciddi fərqlər vardır. Hətta zaman-zaman siyasətçilər çox sərt ifadələr işlətməkdən də çəkinməyiblər. Xüsusilə Suriya və Ukrayna məsələlərində qarşılıqlı ittihamlar müşahidə edilib. Belə bir vəziyyət bəşəriyyət üçün aktual olan başqa mövzuları bir qədər arxa plana atıb. Eyni zamanda, konfrans iştirakçıları real səmərə verə biləcək qərarlar da qəbul edə bilməyiblər. Suallar çoxdur, cavablar isə yox dərəcəsindədir.

Suriya və Ukrayna: iki problemdə fikir ayrılığı

1963-cü ildən etibarən təhlükəsizlik üzrə Münhen beynəlxalq konfransı dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Bu, müstəqil beynəlxalq qeyri-hökumət tədbiridir. İlk olaraq konfrans NATO-ya üzv dövlətlərin "müdafiə idarələri nümayəndələrinin iclası" kimi keçirilib, sonralar isə beynəlxalq diskussiya forumu keyfiyyətində fəaliyyət göstərir. Buraya dünyanın 40 ölkəsindən siyasətçilər, diplomatlar, iş adamları, alimlər və ictimai xadimlər gəlirlər.

Münhen konfransı hər il keçirilir. Son illər qlobal təhlükəsizlik məsələləri aktiv surətdə müzakirə edilir. Bir qayda olaraq, böyük dövlətlər yüksək səviyyədə təmsil olunurlar. Burada qəbul olunan qərarlar dünya siyasətinə real surətdə təsir edə bilir. Bu səbəbdən Münhen konfransında gəlinən qənaətlərə böyük əhəmiyyət verilir. Burada edilən çıxışlar bir növ dünya siyasətinin nəbzi olaraq qiymətləndirilir. Bu ilki tədbir də olduqca böyük maraq doğurdu.

Konfransın əsas mövzuları Suriya böhranı, terrorizmlə mübarizə, miqrasiya problemi və Avropa İttifaqının bütövlüyünün saxlanması olub (bax: Завершилась Мюнхенская конференция по безопасности / "РИА Новости", 14 fevral 2016). Çıxış edənlər fərqli fikirlər söyləyiblər. Ancaq, əsasən, Rusiya təmsilçilərinin mövqeləri əksəriyyətlə üst-üstə düşməyib. Xüsusilə Suriya və Ukrayna məsələlərində Qərb dövlətlərinin nümayəndələri rəsmi Moskvanı tənqid ediblər. Baş nazir Dmitri Medvedevin çıxışı zamanı "Suriyada dinc əhalini bombaladığımızı təsdiq edən fakt yoxdur" cümləsinə dinləyənlər "gülüş və təpki ilə" reaksiya verib (bax: Елена Егорова. Холодная война в Мюнхене: Медведева слушали, фыркая и смеясь / "MK.ru", 13 fevral 2016).

Əsas fikir ayrılığı Suriyada aparılan hərbi əməliyyatlarla əlaqəli olub. Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond belə bir fikir söyləyib ki, Suriya danışıqlarını dalana Rusiya bombardmanları dirəyib. O, çıxışı zamanı deyib: "…Rusiya mötədil müxalifəti bombalamaqda davam edir. Və əgər o, yaxın günlərdə buna son qoymasa və ya aviazərbələri əhəmiyyətli dərəcədə azaltmasa, onda mötədil müxalifət prosesə qoşulmayacaq. Biz ondan bunu gözləyə bilmərik" (bax: Хаммонд обвинил Россию в якобы бомбардировках умеренной оппозиции САР / "РИА Новости", 13 fevral 2016).

Bu, Qərb dövlətlərinin demək olar ki, hamısının mövqeyini əks etdirir. Almaniyanın xarici işlər naziri isə bir qədər də qabağa gedərək bildirib ki, "...hətta İŞİD üzərində hərbi qələbə belə Suriyada sülhü təmin etməyəcək" (bax: Штайнмайер: даже военная победа над ИГ не обеспечит мир в Сирии / "РИА Новости", 13 fevral 2016). Yəni, nəinki mötədil müxalifətin bombalanması, hətta əsas düşmən hesab edilən terror qrupunun məhv edilməsi belə problemi aradan qaldırmaq üçün yetərli deyil. Bu halda Rusiyanın hərbi zərbələrinin səmərəli olduğuna Qərbin doğrudan da inanmadığı nəticəsinə gəlmək olar.

Təbii ki, bu məqamlar narahatlıq doğurur. Belə çıxır ki, dünya dövlətlərinin Suriya məsələsinə münasibətində vahid mövqe yoxdur. Bu səbəbdən Münxen konfransında Suriyada atəşkəs haqqında razılığa gəlinməsinin real nəticə verməyəcəyi haqqında fikirlər mövcuddur. Görünür, münaqişə hələ uzun müddət davam edəcək. İndi həmin ölkədə geosiyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin hərbi əməliyyatları davam etdirdiyi müşahidə olunur. Prosesləri proqnozlaşdırmaq çox çətindir. Çünki döyüş meydanında vəziyyəti öz xeyrinə dəyişməyə çalışan böyük dövlətlərdən istənilən addımı gözləmək mümkündür.

“İslamizm” və “fundamentalizm”: islamofobiyanın təzahürləri

Artıq Səudiyyə Ərəbistanı yerüstü hərbi əməliyyatları apara biləcəyini bəyanlayıb. Bir sıra kütləvi informasiya vasitələri Türkiyənin Suriyaya hərbi qüvvə yeritdiyi haqqında məlumatlar yayıb. Lakin rəsmi Ankara bunu təkzib edərək, belə bir planın olmadığını bildirib (bax: Reuters: Турция утверждает, что не отправляла войска в Сирию / ТАСС, 15 fevral 2016). Belə çıxır ki, bir sıra dairələr təxribat xarakterli informasiyalar yaymaqla regionda böyük müharibə tonqalını alovlandırmağa cəhd edirlər. Bu isə kifayət qədər təhlükəli planların olmasından xəbər verir.

Əslində, Vaşinqton və Brüssel yaranmış vəziyyətə biganə qalmayacaqlarını bəyan ediblər. Amerikanın dövlət katibi Con Kerri və NATO-nun baş katibi Yens Stoltenberq Münhendə bununla bağlı konkret fikir bildiriblər. C.Kerri deyib ki, əgər Rusiya, Əsəd və İran verdikləri vədə əməl etməsələr, "dünya ictimaiyyəti bunları axmaqcasına oturub müşahidə etməyəcək" (bax: Елена Егорова. Холодная война в Мюнхене: Медведева слушали, фыркая и смеясь / "MK.ru", 13 fevral 2016).

Ukrayna məsələsində də tərəflər arasında müzakirələr gərgin keçib. Doğrudur, konfrans təşkilatçıları Ukrayna və Rusiya nümayəndələrinin üz-üzə gəlməsini əngəlləyiblər. Prezident Petro Poroşenko və baş nazir Dmitri Medvedev qonşu panellərdə iştirak ediblər. Ancaq onların söylədiklərini bir-birinə çatdırıblar. Ukrayna prezidenti kəskin cavab verib: "Cənab Putin, Ukraynada vətəndaş müharibəsi getmir – sizin ordu oradadır! Suriyada vətəndaş müharibəsi yoxdur – sizin təyyarələr Hələbi bombalayır!" (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, bu cür sözləri zalda olan bir sıra dövlət başçıları alqışlarla qarşılayıblar.

Təbii ki, belə siyasi ritorika son dərəcə ciddi narahatlıq yaradır. Belə görünür ki, ixtilafları həll etmək üçün dünyanın böyük dövlətləri arasında nəinki ortaq mövqe yoxdur, hətta onlar çox sərt sözlər işlətməkdən belə çəkinmirlər. Bu aspektdə konfransda "yeni soyuq müharibənin başlaması"ndan danışılması, "üçüncü dünya silkələnməsi" və "bizi yerüstü əməliyyatlarla qorxutmayın" kimi fikirlərin səsləndirilməsi yaranmış vəziyyətin kifayət qədər mürəkkəb olduğunu əks etdirir.

Doğrusu, Suriya və Ukrayna məsələləri beynəlxalq aləm üçün aktual olan digər problemləri bir qədər arxa plana atıb. İqlim dəyişikliyi, ərzaq təminatı, neftin ucuzlaşması, ekologiya kimi məsələlər haqqında elə də geniş danışılmayıb. Ancaq həmin problemlər siyasətçilər və mütəxəssislər tərəfindən ciddi müzakirə edilib.

Bunların fonunda Böyük Britaniyanın xarici işlər nazirinin "islamizm" və "İslam fundamentalizmi" ifadələrini tez-tez işlətməsi və onu əsas təhlükə hesab etməsi konfransa öz damğasını vurub. Məsələ ondan ibarətdir ki, cənab Hammond yenə ikili standartlar mövqeyindən çıxış edərək, İslamla təməlçiliyi eyniləşdirməyə çalışıb.

O, Qərb dövlətlərinin müsəlmanlara qarşı atdığı sərt addımlardan bəhs etməyib, nəyə görə məhz müsəlman ölkələrindən milyonlarla insanın qaçqın düşməsi səbəbini yada salmayıb, əvəzində, bütün İslam aləmini təməlçi kimi qələmə verməyə çalışıb. Bu, islamofobiyanın Avropada nə qədər dərinə işlədiyinin təsdiqidir (bax: Хаммонд считает, что побороть исламизм гораздо сложней, чем ИГ / "РИА Новости", 13 fevral 2016).

Bütün bunlar onu deməyə əsas verir ki, Münhen təhlükəsizlik konfransı qlobal miqyasda aktual olan problemləri müzakirə etsə də, konkret fəaliyyət planı ortaya qoya bilməyib. Qərblə Rusiya arasındakı fikir ayrılığı qalmaqdadır. Suriya və Ukraynada münaqişənin yaxın perspektivdə həll olunacağı şübhə doğurur. Lakin Qərb hər iki cəbhədə daha aqressiv addımlar ata bilər ki, bu da bütövlükdə vəziyyəti daha da mürəkkəbləşdirər. Bəşəriyyət hələ də təhdidlərlə üz-üzədir.

Newtimes.az

Paylaş:
809

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər