Qadın velosipedçimizdən Rio-2016-ya 2 lisenziya
Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova bu ilin avqustunda Rio de Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına 2 lisenziya əldə edib.
1news.az-ın məlumatına görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Qadın velosipedçimiz 4 illiyin zirvə yarışında ölkəmizi həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) velosipedçilər dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Olqa İsmayılova bununla da həm sprint, həm də keyrin növündə olimpiadada iştirak hüququ əldə edən 27 velosipedçi sırasına düşməyi bacarıb.
Xatırladaq ki, bunadək şosse velosipedçimiz Maksim Averin də Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
1news.az