Rauf Əliyev: “AFFA-da hətta 15 yeni komitə yaratmaq olar, amma..”
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev AFFA-nın bu yaxınlarda keçirilən konfransı zamanı yenidən bu vəzifəyə seçildikdən sonra Sportbox.az-a müsahibəsində konfransda və İcraiyyə Komitəsində qəbul olunan qərara münasibət bildirib.
İcrayyə Komitəsinin tərkibinə xarici işlər naziri Elmar Məmmədyarovun daxil olması məsələsinə də toxunan R.Əliyev AFFA-nın yeni komitələrinin yaradılmasını qiymətləndirməklə yanaşı, Azərbaycanın yığmaları və klublarının dünya arenasındakı nəticələri ilə bağlı da fikirlərini bölüşdü.
“Ötən konfrans hesabat-seçki xarakterli idi. Ona görə də demək olar ki, AFFA rəhbərliyi 4 illik fəaliyyəti ilə bağlı hesabat verib. Bu müddət ərzində az iş görülməyib. Yeni stadionlar tikilib. Bir çox ölkələr bu qədər stadionlarının olması ilə bağlı xəyal qurur. Böhran vəziyyətinə baxmayaraq infrastrukturun yaxşılaşdırılması işi davam edir. Xüsusi olaraq Avropa Oyunlarının keçirildiyi Olimpiya stadionunu qeyd etmək lazımdır. İndi həmin arena AFFA-nın balansına verilib.
İcraiyyə Komitəsinin qərarına gəlincə, birinci vitse-prezident onun tərkibinə Qurban Qurbanovun və Elmar Məmmədyarovun daxil olduqlarını qeyd edib.
“Çoxları sual edir ki, xarici işlər naziri Elmar Məmmədyarov kimi məşğul bir insan futbola aid məsələlərə necə vaxt ayıracaq. Mən düşünürəm ki, onun iştirakı bizə çox yardım edəcək. Öz nüfuzu ilə Elmar Məmmədyarov futbolun problemlərinə daha çox diqqət cəlb edəcək. Dünya təcrübəsində nazirlərin müxtəlif futbol federasiyalarının fəaliyyətində iştirak etməsi faktlarına rast gəlmişik. Şəxsən mən burada mənfi heç nə görmürəm. Axı İcraiyyə Komitəsində yalnız keçmiş futbolçuların olması şərt deyil. AFFA İcraiyyə Komitəsinə həm futbol veteranları, həm də təcrübəli funksionerlər daxildir”- R.Əliyev deyib.
Konfransda bununla yanaşı bir neçə komitə yaradılıb, Azərbaycanın ( U-17) yeniyetmələr yığmasının Bakıda keçiriləcək Avropa Çempionatına hazırlığı məsələsi, legionerlərə görə ödənişlər və digər məsələlər müzakirə olunub.
Rauf Əliyev bildirib ki, AFFA-da yaxşı anlayırlar ki, əsas göstərici Azərbaycan yığmasının əldə etdiyi nəticələrdir.
“Hələ ki, yığmamız ondan gözlədiyimiz yüksək səviyyəyə nail ola bilməyib. Robert Prosineçkiyə böyük ümidlərimiz var. O, Azərbaycanda yaşayır, çempionatın oyunlarında iştirak edir. Ondan yüksək nəticələr gözləyirik.
Klublar nisbətən uğurlu çıxış edir. Lakin burada da çox şeyə nail olmaq- Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq, Avroliqada isə pley-off mərhələsinə çıxmaq lazımdır.
Əlbəttə ki, gənclər və yeniyetmələr yığmasından çox şey gözləyirik. Onlar üçün hər bir şərait yaradılıb. Yalnız oynamaq lazımdır. U-17 yeniyetmələr yığması Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək. Anlayırıq ki, Bakıya qitənin ən güclü yığma komandaları toplaşacaq.
Belə rəqiblərə uduzmaq qəbahətli deyil. Lakin belə məğlubiyyətdən dərs almaq lazımdır ki, gələcəkdə bir daha təkrarlanmasın. Artıq qalib gəlməz zamanıdır.
Uşaq-yeniyetmə futbolunu güclü şəkildə inkişaf etdirmək lazımdır. Sevindirici haldır ki, “Mançester Yunayted” və “Yuventus” kimi klubların məktəbləri açılır.
Bir neçə komitənin yaradılması məsələsinə münasibət bildirən Rauf Əliyev qeyd edib ki, əsas məsələ bu komitələrin effektiv işləməsidir.
“ Hətta 15 yeni komitə yaratmaq olar, lakin öz funksiyalarını yerinə yetirməsələr onlardan heç bir kömək gəlməz. Komitələrin işləməsi vacib məsələdir. Nümunə olaraq Media Komitəsini götürək, düşünürəm ki, o jurnalistlərə dəstək olmaq üçün çox vacibdir”- deyə, R.Əliyev qeyd edib.
1news.az