Rza Zərrab ABŞ-da həbs olunub
İran əsilli iş adamı Rza Zərrab martın 19-da ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.
1news.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, o, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. R.Zərrabla yanaşı, İran vətəndaşları Kamelia Cəmşidi və Hüseyn Nəcəfzadə də saxlanılıblar. Onlar İran hökumətinin xeyrinə ABŞ-a qarşı dələduzluq edərək 100 milyonlar dollarlıq bank əməliyyatları aparmaqda ittiham edilirlər. Prokurorluq onların hər birinə ABŞ-a qarşı dələduzluq ittihamı ilə 5, İrana qarşı sanksiyaları pozduqları üçün 20, bank saxtakarlığı üçün 30 və çirkli pullarının yuyulması səbəbi ilə 20 il olmaqla ümumilikdə 75 il azadlıqdan məhrum etmə cəzası təyin olunmasını istəyib.
Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb. Bir müddət əvvəl onun İrandakı iş ortağı Babək Zəncani həbs olunaraq, ölüm cəzasına məhkum edilib. B. Zəncani İran dövlətinə 2,8 milyard dollar ziyan vurmaqda təqsirləndirilir.