Aİ-Türkiyə zirvəsi: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişirmi? – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Aİ-Türkiyə zirvəsi: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişirmi? – Newtimes.az

17:39 - 29 / 03 / 2016
Aİ-Türkiyə zirvəsi: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişirmi? – Newtimes.az

Baş nazir Əhməd Davudoğlunun Brüsseldə aktiv diplomatik fəaliyyəti nəticəsində müəyyən razılıqların əldə olunmasına dünya KİV-i maraq göstərib. Baş verənlər müxtəlif aspektlərdən təhlil olunur.

Bir sıra mütəxəssislər Avropa İttifaqı (Aİ) ilə Türkiyənin miqrant məsələsini tənzimləmə mexanizmlərini dəqiqləşdirdiklərini vurğulayırlar. Mütəxəssislər arasında Brüsselin Ankara qarşısında təslim olduğu fikrini bildirənlər də vardır. Bunlara cavab olaraq Almaniyanın kansleri "biz balans axtarırıq", – deyə bildirib. Bir başqa dairələr əldə edilən razılıqların "Avropaya terrorçu axını"na yeni təkan verəcəyini bəyan edir. Aİ rəsmiləri isə müsbət mövqedədirlər. Onlar Aİ-yə qanunsuz köçün dayandırıldığını bildirirlər. Bütün bunların fonunda Brüssel zirvəsinin geosiyasi təsirləri məsələsi aktualdır.

Avropanın xilası, yoxsa Ankara-Brüssel əməkdaşlığında yeni səhifə?

Avropa İttifaqı miqrant probleminin həllinə böyük diqqət yetirir. Mütəxəssislər bu problemin qurumu çökdürə biləcəyini belə söyləyirlər. Vəziyyət iki cəhətdən mürəkkəbdir. Birincisi, demoqrafik problemlərini həll etmək üçün Aİ-nin əlavə əhali kütləsinə ehtiyacı var. Avropa cəmiyyətlərinin özləri bunu həll edə bilmirlər – insanların, xüsusilə gənclərin sayı getdikcə azalır. İkincisi, Qərbə "yeni enerji", əsasən, fərqli mədəni dəyərlərin daşıyıcıları vasitəsi ilə axın edir. Bu da Avropa cəmiyyətlərində bir sıra ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Burada əsas məsələ İslam aləmində baş verən ixtilaflar nəticəsində Aİ ölkələrinə kütləvi axının tənzimlənməsindən ibarətdir. Son zamanlar isə Suriyadan olan miqrantların Qərb ölkələrinə köçməsi Avropa üçün təcili həll edilməli problemə çevrilib.

Vəziyyət o dərəcədə mürəkkəbləşib ki, Şengen sazişinin qüvvədən düşməsi kimi təhlükə ortaya çıxıb. Miqrant məsələsi hətta Aİ-ni bir təşkilat kimi parçalaya bilər. Bütün bunların fonunda Avropa-Türkiyə münasibətləri Brüssel üçün böyük əhəmiyyət daşımağa başlayıb. Qərb hesab edir ki, məhz Türkiyə miqrant probleminin uğurlu həllində Aİ-nin mühüm tərəfdaşı ola bilər. Niyə məhz Türkiyə? Bu sual ona görə yaranır ki, Suriya böhranının həll edilməsində ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Aİ daha fəal rol oynamağa çalışırlar. Məntiqlə Suriyanı tərk edən insanların problemlərini də hər kəsdən öncə onlar həll etməlidirlər. Lakin real vəziyyət başqa cürdür.

Məsələ ondan ibarətdir ki, böhran nəticəsində öz evlərini tərk edən suriyalıların böyük əksəriyyətinə Ankara sahib çıxıb. İndi Türkiyədə onların sayı 3 milyona yaxınlaşıb. Rusiyanın son hərbi zərbələri nəticəsində yeni qaçqın dalğasının yaranması təhlükəsi meydana gəlmişdi və nə qədər qəribə də olsa, böyük dövlətlər Türkiyədən tələb edirdilər ki, miqrantları qəbul etsin və öz ərazisindən kənara çıxmağa qoymasın. Ancaq nəyə görə geosiyasi dividendi başqaları almalı, qaçqınların qayğısını isə Türkiyə çəkməli idi?

Rəsmi Ankara məhz bu sualı kəskin şəkildə qaldırdı və Qərb qarşısında problemin bir yerdə həll olunması tələbini qoydu. Ankaranı ilk olaraq Almaniya rəhbərliyi başa düşdü. Berlin və Ankaranın başladığı proses nəhayət ki, Brüsselin də ona dəstək verməsi ilə nəticələndi. Bu səbəbdən Əhməd Davudoğlunun Brüsselə son səfərinə çox böyük maraq vardı.

Türkiyə bu dəfə miqrant problemini daha kəskin şəkildə Aİ qarşısında qoydu. Ankara Moskvanın qaçqın axını vasitəsi ilə Aİ-ni çətin vəziyyətə salmağa çalışdığını ifadə etdi. Məsələni həll etmək üçün isə siyasi, maliyyə, iqtisadi, hüquqi və hərbi aspektlərdə sistemli fəaliyyət göstərilməsi şərtini irəli sürdü (bax: Brüksel'de kıyasıya pazarlık! / "Habertürk", 8 mart 2016).

Geosiyasi əks-səda: fərqli qiymətləndirmələr

Gərgin keçən danışıqlar nəticəsində Aİ və Türkiyə miqrantların qarşılıqlı razılaşma əsasında yerləşdirilməsində ortaq qənaətə gəliblər. Türkiyə təşkilatın ərazisindən çıxaracağı qaçqınları qəbul edəcək, əvəzində, eyni sayda suriyalı miqrantı Avropaya göndərəcək. Sonra Aİ Türkiyə üçün əlavə 3 milyard avro da ayıracaq ki, bununla da ümumi maliyyə yardımı 6 milyarda çatacaq. Bunlardan əlavə, türklərin Avropaya vizasız gedişi müddəti əvvəl nəzərdə tutulduğu kimi payızda deyil, iyun ayında gerçəkləşməlidir (bax: əvvəlki mənbəyə).

Aİ rəsmiləri əldə olunan razılaşmaları qısa olaraq belə qiymətləndiriblər: "Köç bitdi". Yəni artıq miqrantlar xaotik şəkildə təşkilat ərazisinə daxil ola bilməyəcəklər. Ankara və Brüssel prosesi tam nəzarətə götürəcək. Alınan qərarlardan daha çox məmnun olan Almaniya kansleri Angela Merkel olub. O, əvvəlcədən seçilən həll yolunun düzgün olduğunun təsdiqləndiyini deyib (bax: Меркель: миграционный кризис решается "в правильном направлении" / "РИА Новости", 8 mart 2016).

Onu deyək ki, bütün bunlarla yanaşı, NATO Egey dənizində öz hərbi qüdrətini əsas olaraq miqrant məsələsini tənzimləmək üçün artırmaq qərarına gəlib. Bununla onsuz da çox zəif olan Yunanıstanın növbəti qaçqın dalğasının altında əzilməsinin qarşısı alınıb. Artıq baş nazir Aleksis Tsipras yenidən Ankaraya səfər edib.

Geosiyasi kontekstdə ən maraqlı məqam Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasında Türkiyə ilə Aİ-nin ortaq fəaliyyət göstərəcəyi haqqında razılığın əldə olunması ilə bağlıdır. Çünki Ankaranın həmin tələbinə Qərb ehtiyatla yanaşırdısa, Rusiya və İran qətiyyən qəbul etmirdilər. İndi Brüsselin Moskvanın iradəsinə qarşı Türkiyə ilə birgə fəaliyyət göstərməyə razılıq verməsi bütövlükdə Suriya probleminin həllində əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.

Ancaq bütün bunlar Brüsseldə aparılan danışıqların nəticələrinin hər kəs tərəfindən avtomatik qəbul edildiyi anlamına gəlməməlidir. Məsələn, Macarıstan qəbul olunan qərarlara veto qoyub, Finlandiya tərəddüd edir, Fransa prezidenti isə bir qədər fərqli fikir bildirib (bax: Brüksel'de kıyasıya pazarlık! / "Habertürk", 8 mart 2016 və Hollande: Türkiye 72 kriteri yerine getirmeli / "Habertürk", 8 mart 2016).

Fransua Olland bəyan edib ki, Türkiyə vətəndaşlarının Şengen bölgəsinə vizasız daxil ola bilməsi üçün iyun ayına qədər Ankara 72 (!) şərti ödəməlidir. Bundan başqa, Fransa prezidenti Türkiyənin Aİ üzvlüyü üçün uzun yol qət etməli olacağını da ifadə edib (bax: Hollande: Türkiye 72 kriteri yerine getirmeli / "Habertürk", 8 mart 2016). Onu deyək ki, Almaniyanın kansleri də Türkiyənin üzvlük məsələsi ilə bağlı təqribən eyni fikri ifadə etmişdi. Cənubi Kiprin rəhbəri isə ümumiyyətlə, Türkiyənin quruma daxil olmasına imkan verməyəcəyini bildirib.

Bunların fonunda Moskvadan yayılan informasiyalar da maraq doğurur. Rusiya Dövlət Dumasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin sədri Andrey Klişas bildirib ki, Aİ ilə Türkiyə arasında miqrant məsələsi ilə bağlı əldə edilən razılıq "terrorçuların Avropaya yeni axını üçün şərait yaradacaq". Onun sözlərinə görə, "Avropa qatil və ekstremistlər ordusu qarşısında qapılarını açır" (bax: Клишас: план с Турцией по мигрантам вызовет поток террористов в ЕС / "РИА Новости", 8 mart 2016).

Belə təəssürat yaranır ki, Ankara ciddi diplomatik uğur əldə edib. Onun Brüssellə miqrant məsələsində əldə etdiyi nailiyyət müxtəlif sahələri əhatə etdiyindən, bütövlükdə, Suriya probleminin həllinə də öz töhfəsini verə bilər. Burada əsas məqamlardan biri Avropa ilə Türkiyənin ortaq fəaliyyət göstərməsidir. Həmin fakta Moskva müsbət yanaşmaqda çətinlik çəkir. Çünki regionda başqa dövlətlərin də proseslərə təsir edə bilməsi Ağ Evin və Kremlin ürəyincə deyil. Bundan başqa, qaçqınlar məsələsinin həlli bir çox oyunçuların əl-qolunu bağlayır.

Bunlara rəğmən, Aİ Türkiyəni öz sıralarına qatmaq fikrində deyil. Hələlik təşkilatı daha çox öz daxili problemləri maraqlandırır. Avropalılar Ankaranın getdikcə güclənməsinin də fərqindədirlər. Təbii ki, Aİ-nin böyük xristian dövlətləri çox güclü bir müsəlman ölkəsinin vahid bir təşkilatda onlara rəqib olmasını istəməzlər. Ancaq bu da faktdır ki, Türkiyə artıq qlobal miqyasda sözünü cəsarətlə deyən və maraqlarını qorumağı bacaran bir dövlətdir. Brüssel sazişini bunun təsdiqi kimi də qiymətləndirmək olar.

Newtimes.az

Paylaş:
1575

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər