İstifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə vergi yükü artırılacaq
Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində kənd təsərrüfatı təyinatlı və bu məqsədlərlə istifadə üçün yararlı olan, lakin istifadəsiz qalmış torpaq sahələri üzrə vergi yükünün artırılması nəzərdə tutulur.
1news.az Vergilər.az saytına istinadla bildirir ki, dəyişikliklərin məqsədi kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşları üçün əlverişli imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft ixrac potensialının artırılması, qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı məhsullarının istehsalının əsaslı şəkildə genişləndirilməsi, idxalın əvəzlənməsi, yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və bu sahədə məşğulluğun artırılmasıdır.
Məcəlləyə edilməsi nəzərdə tutulan daha bir dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzürlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, həmin torpaq üzürlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılaraq hər 100 kvadratmetr üçün 10 manat müəyyən ediləcək. Təyinatı üzrə istifadə edildikdə torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə ödəniləcək.
1news.az