Runi, Nasri, De Hea, Pike ...Bakıda keçiriləcək Avropa çempionatını neçə ulduz parladacaq? | 1news.az | Xəbərlər
İdman

Runi, Nasri, De Hea, Pike ...Bakıda keçiriləcək Avropa çempionatını neçə ulduz parladacaq?

21:48 - 28 / 04 / 2016
Runi, Nasri, De Hea, Pike ...Bakıda keçiriləcək Avropa çempionatını neçə ulduz parladacaq?

Mayın 5-də Bakıda ( U-17)gənclər arasında futbol üzrə Avropa çempionatına start veriləcək.

1news.az  xəbər verir ki, çempionatda 16 yığma komanda, o cümlədən, Azərbaycan komandası iştirak edəcək.

Bizim yığmamız "A" qrupunda Portuqaliya, Belçika və Şotlandiya yığmaları ilə yarışacaq. İlk oyunu Azərbaycan yığması 5 mayda Olimpiya stadionunda Portuqaliya komandası ilə keçirəcək. 8 may tarixində Belçika, 11 mayda isə Şotlandiya ilə qarşılaşma baş tutacaq.

Digər qrupların tərkibi:

"B" qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Hersoqovina

"C" qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç

"D" qrupu: İtaliya, Serbiya, Hollandiya, İspaniya

Gənclər çempionatının əsas xüsusiyyəti nədir? Onlarda dünya futbolunun gələcək ulduzlarını görmək mümkündür. Həm də indi oyununu müşahidə etdiyimiz gəncin gələcəkdə bəlkə də hansısa Avropa superkubokunda oynayacağını təxmin belə etmirik.

U-17 Avropa Çempionatı 2001-02-ci il mövsümündən etibatın keçirilir. 2002-ci ilin çempionatında bir zamanlar "Mançester Yunayted"in gələcək lideri Ueyn Runi parlayıb.

2004-cü ildə Fransa yığmasının tərkibində sonradan çempion olan Samir Nasri özünü göstərib. Finalda fransızlar doğma meydanda Sesk Fabreqas və Jerar Pike tərkibində olmaqla İspaniya komandasına qalib gəlib.

Bir il sonra çempion Türkiyə komandası oldu , onun tərkibinə Nuri Şahin daxil idi. Yarımfinalda türklər xorvatlara qalib gəldi,  onların komandasındakı Deyan Lovren hazırda  "Liverpul"da oynayır. Məhz Lovren bu yaxınlarda Avropa Liqasındakı "Borussiya" ilə matç zamanı qələbə topunu atdı.

2006-cı ilin çempionatı 15 yaşlı Boyan Krkiçin oyunu ilə yadda qaldı. O, daha sonra "Barselona"nın əsas komandası ilə  104 matçda çıxış etdi.

Sonrakı ildə İspaniya yığmasının tərkibində qolkiper David De Hea parlayıb. Hazırda "Mançester Yunayted"in qapıçı olan futbolçu Belçika ilə qarşılaşmada komandasına matçdan sonrakı penalti zərbələrində yardım etdi. Finalda İspaniya İngiltərəyə qalib gəldi. İspanlar həmçinin 2008-ci il çempionatında da qalib oldu.

Daha sonra U-17 Avropa çempionatının qalibi hər biri 2 dəfə olmaqla İngiltərə və Hollandiya, bir dəfə Almaniya, Rusiya, Fransa  olub. Ola bilsin ki, yaxın gələcəkdə Avropanın gənclər çempionatında qalib olan komandaların liderləri son 2-3 il ərzində böyüklərin futbolunda da öz sözünü deyəcək. Bakıda keçirilən Avro-2016-nın ulduzlarını isə ola bilsin ki, biz 2020-də Bakıdakı Böyük Avropa Çempionatında görəcəyik.

Əgər siz indidən gələcəyin Runi, Nasri, Fabreqas və Pikesinin oyunlarını canlı izləmək istəyirsinizsə, may ayında keçiriləcək Avropa Çempionatına bilet alın!

1news.az  

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər