“Tour d'Azerbaidjan-2016”: Birinci mərhələni alman velosipedçi qazandı
Məlum olduğu kimi, bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünə start verilib.
1news.az-ın məlumatına görə, ilk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 kilometr məsafə qət ediblər.
Məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələnin qalibi olub. ABŞ-ın “İlluminate” komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.
Mərhələni qalib kimi başa vuran “Bora-Argon 18”in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini ələ keçirib. O, həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR”, eyni zamanda, ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb.
Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib.
Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 kilometr məsafə qət edəcək və İsmayıllıda finiş xəttini keçəcəklər.
1news.az