Futbol üzrə Avropa çempionatını izləmək üçün Bakıda iri monitorlu tamaşa zonası qurulacaq | 1news.az | Xəbərlər
Futbol

Futbol üzrə Avropa çempionatını izləmək üçün Bakıda iri monitorlu tamaşa zonası qurulacaq

22:23 - 04 / 05 / 2016
Futbol üzrə Avropa çempionatını izləmək üçün Bakıda iri monitorlu tamaşa zonası qurulacaq

İyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq.

1news.az-ın məlumatına görə, şirkət son illərdə özünü Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərinə davamlı dəstək verən bir şirkət kimi tanıdıb. SOCAR-ın marketinq tədbirləri, bir qayda olaraq, onun biznes layihələri ilə yanaşı həyata keçirilir və yeni bazarları kəşf etmək üçün effektli vasitə kimi tətbiq olunur. Ölkə daxilində, eləcə də xaricdə SOCAR-ın marketinq tədbirlərinin əsas məqsədi gəlirlərini və Azərbaycanın dövlət büdcəsinə ödənilən vəsaitləri artırmaq, xalqımızın uzunmüddətli rifahını təmin etməkdir.

SOCAR-ın ölkə daxilində planlaşdırdığı nəhəng sənaye layihələri gələcək nəsillərin işlə təmin olunmasına töhfə verəcəksə, hazırda xarici bazarları da kəşf etməklə şirkət gəlirlərini artırmağa və dayanıqlılığını təmin etməyə davam edir. Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və Ukraynada xarici investorların ön sırasında yer alan SOCAR böyük uğurlara imza atıb. “Boston Consulting Group” və “Akyatırım” kimi müstəqil şirkətlərin apardığı təhlillər SOCAR-ın xarici sərmayələrinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir.

Son illərdə SOCAR-ın fəaliyyətinin böyük hissəsi xarici ölkələrlə bağlıdır, bununla əlaqədar olaraq, müvafiq marketinq tədbirləri də beynəlxalq miqyasda keçirilir. Bu səbəbdən Beynəlxalq Cüdo Federasiyası və Avropa Futbol Federasiyaları İttifaqı ilə tərəfdaşlıq sazişləri imzalanıb.

UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir. Bu tədbirlər yüz milyonlarla futbolsevərlərə, o cümlədən Azərbaycandakı futbol azarkeşlərinə sevinc bəxş etməklə yanaşı, ölkəmizi və SOCAR-ı dünyaya tanıtmaq, nəhayət, biznes fəaliyyətimizə təkan vermək üçün effektli bir platformadır.

Mayın 5-dən 21-nə kimi Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa Futbol Kuboku oyunlarına biletlər SOCAR-ın işçiləri üçün şirkət tərəfindən hədiyyə edilir. İyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək futbol üzrə Avropa Çempionatı oyunlarına birlikdə baxmaq üçün isə SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq. SOCAR əməkdaşları ilə yanaşı bütün futbolsevərlər birgə tamaşa zonasında futbol bayramının sevincinə qatılmağa dəvət olunurlar.

1news.az

 

Paylaş:
1473

Son xəbərlər

Bütün xəbərlər