Maksim Averin “Tour d’Azerbaïdjan-2016”nın 2-ci mərhələsinin qalibidir – FOTO
Azərbaycanın Elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 2-ci mərhələsinin qalibi olub.
1news.az-ın məlumatına görə, o, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.
Marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə Avstryianın “Felbermayr” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü İsveçrənin “Roth” pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.
“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi, Avstriyanın “Felbermayr” klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin 4-cüdür.
2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini İsrailin “Cycling Academy Team” klubunun üzvü Giliom Buavin ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyinə, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.
Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 km məsafə qət etdikdən sonra bağlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.
1news.az