Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları keçiriləcək

17:19 - 13 / 05 / 2016
Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları  keçiriləcək

14-16 may tarixlərində Bakı şəhərində Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının illik toplantısı keçiriləcək.

1news.az-ın məlumatına görə, tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirə UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq. Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

Xatırladaq ki, Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.

Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu mötəbər qurumdakı mövqeyini daha da möhkəmləndirib. Əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsi nəticəsində Beynəlxalq Federasiya bu il də İdarəetmə Şurasının, Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının illik toplantılarının Bakıda keçirilməsini qərara alıb.

Qeyd edək ki, Azərbaycan  Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2010-cu ildən etibarən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA)  tam hüquqlu və ən aktiv üzvlərindən biridir.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər