Əsl ziyalı, əsl vətəndaş, əsl insan | 1news.az | Xəbərlər
Siyasət

Əsl ziyalı, əsl vətəndaş, əsl insan

09:06 - 17 / 05 / 2016
Əsl ziyalı, əsl vətəndaş, əsl insan

Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolumuza nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram.

Onunla tanışlığım hələ məktəb illərindən başlayır. İlk vaxtlardan üzü bəri əvvəlcə yoldaşlığa, sonralar isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa və qohumluğa çevrilən bu tanışlığın 60 ildən çox tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb, müxtəlif zamanlarda kəsişən, üst-üstə düşən məqamları olub və xeyli vaxtdır ki, bizi həm də qohumluq əlaqələri birləşdirir – rəhmətlik qardaşım Fuadın yeganə yadigarı, həyatımın mənası saydığım Ülvi ilə onun qızı Cəmilənin o gözəl ailəsində indi bir-birindən işıqlı, gözəl balalar böyüyüb ərsəyə çatıblar.

Onun haqqında yazmağı özümə bir də ona görə borc bilirəm ki, unudulmaz Heydər Əliyevlə işlədiyim vaxtlardan Ulu Öndərin tez-tez təkrarladığı və həmişə önəm verdiyi bir fikri heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan düşəndə Ulu Öndər həmişə deyərdi: Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Bu gün müasirimiz olan Hafiz Paşayev də, heç şübhəsiz ki, millətimiz, xalqımız üçün belə dəyərli və nadir insanlardan biri, qürur duyduğumuz şəxsiyyətlərdəndir.

Taleyinə Prezident Heydər Əliyevin etimadı qismət olmuş biri kimi onun bu və ya digər mövzularda düşüncələrini paylaşdığı unudulmaz söhbətlərinə şahidlik etmək Ulu Öndərin çox gərgin iş rejimində vaxt ayırıb bizə bəxş etdiyi böyük tarixi və əvəzsiz mükafatlar idi. Həmin söhbətlərində bu mövzuya toxunarkən o böyük insan fikirlərini bizim üçün bir qədər də dərinləşdirərək deyərdi: Biz indi əsl mənada müstəqil dövlətimizi qururuq. Biz dövlətçilik psixologiyamızı inkişaf etdirməliyik. Bunun üçün milli mənsubiyyətimizi, milli dəyərlərimizi, ənənələrimizi qabartmalı, tarixi şəxsiyyətlərimizi, görkəmli insanlarımızı təbliğ etməliyik. Bu, bizim xalqımıza hava və su kimi lazımdır. Öz dövlətini quran xalqın buna çox böyük ehtiyacı var.

Ulu Öndərin bu vəsiyyəti bizim üçün müəyyən etdiyi bir yol, əsas fəaliyyət proqramı və istiqamətidir. Bu günlərdə Hafiz Paşayev unudulmaz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunanda bu yüksək mükafatın arxasında hansı hikmətin dayandığı mənim üçün qürurverici olduğu qədər də, çox anlaşılan idi...

Hafiz Paşayevin simasında alim, pedaqoq, diplomat və rəhbər işçi kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.

Zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir vəzifədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.

O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır. Onu sevənlər, içdən ona tapınanlar və ona bağlananlar onun insaniyyət və alicənablıq qalasına qəlbən pənah gətirib sığınanlardır.

Amma bu qala da boş yerdə, özü-özünə yaranmayıb. Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biri, yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmiş Mir Cəlal Paşayevin ocağında dünyaya gəlmişdir. Böyük ədibin varisi olan Hafiz Paşayev onun ədəbi irsində xüsusi yer tutan, bədii məfkurəsinin leytmotivi sayılan “Bir gəncin manifesti” romanında tərənnüm etdiyi mənəvi dəyərlər sistemini müasir dönəmdə özündə tam şəkildə təcəssüm etdirir. Ədəbi zirvəyə aparan yoluna cığır açan və müəllifə böyük oxucu auditoriyası qazandıran, bu gün də qəlbləri riqqətə gətirən “Bir gəncin manifesti” romanında əsas qəhrəman Baharı o dönəmin mürəkkəb və qorxulu ictimai-siyasi mühitində, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparan gənc kimi təsvir edərkən Mir Cəlal Paşayev personajın mənəvi dünyasının və dəyərlərinin ədəbi material üzərində manifestini yaratmışdı. Mir Cəlal Paşayevin oğlu Hafiz Paşayev isə həmin ədəbi materialın qayəsinin, müsbət qəhrəmanın daxili dünyasının və etik normalarının bu gün müasir real həyatda inikasıdır.

Ədəbi yaradıcılığa dövri mətbuatda dərc olunan şeirləri ilə başlayan Mir Cəlal Paşayev sonralar öz qələmini müxtəlif ədəbi janrlarda sınayaraq bir-birindən dəyərli, koloritli əsərlər yazmış, real həyat lövhələrini əks etdirən saysız-hesabsız oçerklər, hekayələr, novellalar müəllifi kimi tanınmış, böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malik dərin məzmunlu romanları ilə həyat fəlsəfəsini və ədəbi məfkurəsini ortaya qoymuşdur. Mir Cəlal Paşayevin fəaliyyəti təkcə ədəbi yaradıcılıq amplitudası ilə məhdudlaşmırdı. O, Azərbaycan elminin, ədəbiyyatşünaslığının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, bir-birindən sanballı fundamental nəzəri əsərlər yazmışdı.

Azərbaycanın alı məktəblərinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin hörmətli, sevimli müəllimi, nüfuzlu professoru kimi bu gün də xatirələrdə yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, mənəvi təmizlik, səmimiyyət mücəssəməsi, ailəsini, övladlarını hədsiz məhəbbətlə sevən sadiq bir ailə başçısı idi. Onun bir ifadəsi isə indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

Bu ailənin hər bir üzvü Mir Cəlal ruhunun və mənəviyyatının daşıyıcısı olub, istər öz şəxsi həyat nümunəsi ilə, istərsə də ictimai həyatda rolu ilə bütövlükdə cəmiyyətin saflığına xidmət edir. Bunu Hafiz Paşayevin timsalında açıq-aydın görmək olar.

Hafiz Paşayev özü də bunu inkar etmir. Söhbətlərindən birində dediyi kimi, “mənim stilim sonradan düşünülməyib, mənim stilim atamdan, anamdan gəlir - o həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışıq. Bizə bütün bunları onlar, valideynlərimiz veriblər, necə varıqsa eləyik”.

Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığı Hafiz Paşayevi özünüifadə üçün bəlkə də ən doğru ünvana yetirmişdir. “ADA” Universitetində onun təkcə geniş biliyi, zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti deyil, həm də mənəvi dünyası öz əksini tapır. Vətənini hədsiz məhəbbətlə sevən, Vətən sevgisi hər şeydən üstün olan bir insan üçün Vətənə xeyir verməyin, Vətənə xidmətin ən kompleks məkanı bəlkə də Vətən üçün vətəndaş yetişdirən bir ocaq yaratmaqdır.

“ADA” Universitetinin arxitekturası da Hafiz Paşayevin ruhuna çox uyğun gəlir. Burada Qız qalasının, vaxtilə qonşuluğunda yaşadığı köhnə “İnturist”in də elementlərini görmək olar. İstər memarlıq üslubu və həllinə görə, istərsə də mühəndis-kommunikasiya qurğularının mükəmməlliyi və səmərəliliyi baxımından Azərbaycanda ilk dəfə orijinal bir sistem ilə təchiz olunmuş, Amerikada həm iqtisadi, həm ekoloji baxımdan “ağıllı bina” kimi qiymətləndirilən bu tikilinin daxilindəki universitet ab-havası da sanki Hafiz Paşayevin ruhuna və qayəsinə uyğundur. Bura sanki elm məbədidir, bilik evidir, burada hər şey rahat və cəlbedicidir, burada hər bir tələbə və müəllim özünü doğma divarlar arasında olduğu kimi hiss edir.

Heç şübhəsiz ki, “ADA” Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış mühitdir. Hafiz Paşayevin şəxsi keyfiyyətləri ona universitetdə belə bir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkan yaratmağa imkan vermişdir. Bu gün “ADA” icmasının üzvü olan hər kəs - istər müəllim, istər tələbə, istərsə də digər işçilər üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək və bir məqsəd ətrafında birləşmişdir - dürüstlük, sədaqət, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu, Hafiz Paşayevin ali məqsədidir və bu məqsədini universitetdə gerçəkləşdirə bilmişdir. Hafiz Paşayev inanır ki, bu günün məzunları “ADA” Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar. O, həmçinin Universitetdə çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verərək deyir:

- Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir.

Bu gün Hafiz Paşayev “ADA” Universitetini yaratmaqla həm də bir təhsil oazisi yaradıb. Bu il ilk bakalavr buraxılışını həyata keçirən bu universitet sanki Hafiz Paşayevin simasıdır. Universitetdə təhsil işinin təşkili, universitet mühiti ilə Hafiz Paşayev sanki özünü ifadə edir, tarixən və bu gün də “qara qızıl”ı ilə tanınan ölkəsinin “insan qızılı” ilə zənginləşməsinin fərqindədir. Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürün onun bugünkü gəncləri tərəfindən yaradıldığı qənaətində olan Hafiz Paşayev tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirilməsini başlıca vəzifəsi hesab edir.

Buna görə də “ADA” Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Ən yaxşı layihələr Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib. “ADA” Universitetinin yaradılmasında və bugünkü nailiyyətlərində onun rolu əvəzsizdir.

Hafiz Paşayev haqqında danışarkən onun ailəyə münasibətindən xüsusi söz açmalı olursan. Yuxarıda dediyim kimi, bu münasibətlər ailəsini özünün ən böyük əsəri adlandıran Mir Cəlal ənənələri üzərində yaşayır. Bu münasibətlərin kökü nəsillərin qarşılıqlı təsiri formasında, Hafiz Paşayevin öz-özünü qiymətləndirdiyi kimi, onun valideynlərindən gəlir. Və bu münasibətlər Hafiz Paşayevin doğmalarına, ailə üzvlərinə, ətrafındakılara heç bir deformasiyaya uğramadan, sevgi, səmimilik və sədaqət dərəcəsini zərrə qədər də itirmədən tam həcmdə transformasiya olunur. Bunu canı qədər sevdiyi qardaşı hörmətli Arif müəllim də, bacıları Elmira xanım və Ədibə xanım, sidq-ürəkdən bağlı olduğu həyat seçimi Rəna xanım da, hamısını bir məxrəcdə “balalarım” adlandırdığı oğul-qız övladları Camal və Cəmilə, nəvələri Fuad, Musa, Cəlil və Əmir də eyni dərəcədə özlərində hiss edirlər. Deyərdim ki, valideynə, bacı-qardaşa, ailəyə və övlada münasibət Hafiz Paşayev bütövlüyünün ayrılmaz tərkib hissəsidir.

Təbii ki, Hafiz Paşayev haqqında danışarkən onun müstəqil Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri kimi fəaliyyəti ilk növbədə göz önünə gəlir. Tale elə gətirmişdir ki, bu dövrdə mən onunla həm də çox sıx əməkdaşlıq şəraitində işləmişəm. Mən Azərbaycanın səfiri və əsl Vətən oğlu kimi Hafiz Paşayevin necə fədakarcasına və gərgin işlədiyinin də, Azərbaycan naminə hansı çətinliklərə sinə gərdiyinin də, eyni zamanda, Amerikanın nüfuzlu siyasi dairələrində nə qədər böyük hörmət və ehtiramla qarşılandığının da şahidiyəm. Bu hörmət və ehtiramı o, Amerikada bir alim kimi fizika sahəsində tədqiqatlar apardığı 70-ci illərdən, eyni zamanda, bir diplomat kimi, yüksək peşəkarlığı və ali dəyərlərlə yaşayan bir ziyalı kimi şəxsi keyfiyyətləri hesabına qazanmışdır.

Bəlkə elə buna görə də onun xidmətləri, daşıdığı vəzifələr, fəaliyyəti ilə bağlı tutduğu məqamlar müxtəlif olsa da, mənim üçün o, həmişə Azərbaycanın müstəqilliyinin ilk çağlarında, Amerika kimi fövqəldövlətlə Azərbaycanın diplomatik münasibətlərinin ən çətin nöqtədən qaldırılaraq bugünkü səviyyəyə yüksəldilməsində indinin özündə də bütün varlığı ilə çalışan səfir Hafiz Paşayev kimi qalacaq.

Əslində o, elə həmişə səfir olub və bu gün də sözün hərfi və məcazi mənasında səfirdir - Vətəninin Səfiri, xalqının Səfiri. Onun həyat yolu isə bütövlükdə əsl ziyalı, əsl vətəndaş, əsl insan haqqında manifestdir.

Dilarə Seyidzadə

tarix elmləri doktoru, professor

Paylaş:
2425

Son xəbərlər

Bütün xəbərlər