Binəqədidə yanan bina ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə yanan bina ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

18:35 - 19 / 05 / 2016
Binəqədidə yanan bina ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Ötən il mayın 19-da Bakının Binəqədi rayonunda binada yanğın baş verməsi ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi yaxın günlərdə hakimin icrasına veriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər