Azərbaycanda şimşək çaxması hallarında 10 dəfəyədək artım müşahidə olunub
Azərbaycanda təbiət hadisələrindən ildırım çaxması halları 2000-ci ildən sonra bir sıra bölgələrdə 10 dəfəyədək artıb.
Bu barədə 1news.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, 2000-ci ildən sonra bu artımlar daha intensiv şəkildə müşahidə olunmağa başlayıb. İldırım çaxması hallarının çoxalması Böyük Qafqazın cənub yamacında - Şəki-Zaqatala zonasında, Qazax-Ağstafa zonasında, xüsusilə də Zəngəzur dağlarının yamaclarında - Naxçıvan Muxtar Respublikasında müşahidə edilir.
M.Həsənov qeyd edib ki, ötən müddətdə Bakıda da ildırım çaxması halları 10 dəfəyədək artıb. Paytaxtda, eyni zamanda ildırımın çaxması intensivliyi artıb.
Alimin sözlərinə görə, 1960-1965-ci illərə qədər Bakıda ildırım 1-2 dəfə çaxırdısa, indi ildırım 4-6 dəfə çaxır. Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır.
M.Həsənov əlavə edib ki, ildırım çaxmasının intensivliyi, əsasən, yazdan yaya keçən dövrdə - may-iyun aylarında və yaydan payıza keçən dövrdə - sentyabr-oktyabr aylarında müşahidə edilir.
Baş elmi işçi deyib ki, artımların səbəbini müəyyənləşdirmək üçün konkret elmi tədqiqat işi aparılmadığından bu təbiət hadisəsinin artma səbəblərini izah etmək mümkün deyil.
AMEA Fiziologiya İnstitutunun direktor müavini Əhməd Hacıyev isə Trend-ə bildirib ki, institut tərəfindən konkret olaraq şimşək çaxmasının insan orqanizminə təsiri ilə bağlı ayrıca tədqiqat işi aparılmasa da, möhkəm səs-küy, güclü işıq, elektromaqnit şüalanma ilə əlaqədar yaranan stressin orqanizmə təsirinin öyrənilməsi məqsədilə heyvanlar üzərində tədqiqat işləri aparılır: "Şimşək çaxılması elektrik hadisəsi kimidir. Aydın məsələdir ki, insan şimşək çaxılan yerdə olduqda bu onun orqanizmi üçün elektrik vurması kimi nəticələr yarada bilər və yaradır da".
Ə.Hacıyev bildirib ki, insanların bu təbiət hadisəsinə reaksiyası orqanizmdən asılı olaraq fərqli ola bilər.
Onun sözlərinə görə, şimşək çaxan zaman insanlarda qorxu, stress də yaranır: "Əgər kimsə bu səsə öyrəşməyibsə, birdən-birə böyük gurultu eşidəndə onda qorxu hissi yaranır. Bu halda insanlarda təzyiq arta, qanda adrenalin çoxala bilər".
1news.az